Press "Enter" to skip to content

KKTC-də növbəti seçkilər gələn il yanvarın 9-da keçirilə bilər

Bayraqdar.info – Hökumətin istefasından sonra məsləhətləşmələrini davam etdirən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar bu dəfə də tərəfsiz deputatlarla görüşüb. Görüşlərdən sonra açıqlama verən E.Tatar “parlamentin mövcud tərkibinə baxdıqda yeni hökumətin çıxa bilməyəcəyi bəllidir və erkən seçkilər qaçılmazdır” deyib.

Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.

KKTC Cümhurbaşqanı həmçinin konstitusiyanın ona verdiyi səlahiyyətdən istifadə edərək parlamenti buraxmaq istəmədiyini, buna görə də qanunverici orqanın özü tərəfindən yeni seçki tarixinin müəyyən edilməsinin vacib olduğunu bildirib.

Həftəsonu Ulusal Birlik Partiyasının qurultayının keçiriləcəyini də xatırladan E.Tatar seçki tarixinin bu qurultaydan sonra müəyyən edilə biləcəyini söyləyib. O, bu tarixin gələn il 9 yanvar ola biləcəyini qeyd edib.

Xatırladaq ki, 30-31 oktyabr tarixlərində Lefkoşada hakim Ulusal Birlik Partiyasının (UBP) növbəti qurultayı keçiriləcək. Bu barədə bir müddət öncə UBP genel başqanlığına namizədlər arasında ümumi razılıqdan sonra Partiya Məclisində qərar qəbul edilib. KKTC mətbuatının məlumatına görə, qurultayda genel başqanlıq uğrunda dörd namizəd mübarizə aparacaq. Bunlar partiyanın hazırki genel başqanı və baş nazir Ersan Saner, həmçinin UBP millət vəkilləri Faiz Sucuoğlu, Zorlu Töre ve Hasan Taçoydur.

Mission News Theme by Compete Themes.