Press "Enter" to skip to content

Azərbaycan və Xorvatiya arasında əməkdaşlıq protokolu imzalandı

Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimov “Azərbaycan Hökuməti və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Xorvatiyada səfərdədir.

Bu barədə Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya bildirilib.

“Oktyabrın 26-da iclasdan əvvəl Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, mədəniyyət naziri Anar Kərimov və Komissiyanın Xorvatiya tərəfinin həmsədri, iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coric arasında təkbətək görüş keçirilib.

Görüşdə Azərbaycan-Xorvatiya əməkdaşlıq perspektivlərinə dair müzakirələr, Komissiyanın ikinci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

“Sonra nazirlərin həmsədrliyi ilə Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ikinci iclası keçirilib. İclasda Xarici İşlər, İqtisadiyyat, Səhiyyə, Mədəniyyət, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Gənclər və İdman nazirlikləri, Azərbaycanın Xorvatiyadakı Səfirliyi, Ələt azad iqtisadi zonası, Dövlət Neft Şirkəti, Qida Təhlükəsizliyi və Turizm agentlikləri, Milli Elmlər Akademiyasının rəsmiləri iştirak edib.

İclasda Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi “Mədəniyyət naminə sülh” (Peace4Culture) kampaniyası barədə məlumat verilib. Qlobal kampaniyanın əsas məqsədinin müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasına, həmçinin planetin heç bir yerində, heç bir mədəniyyətə qarşı vandalizmin təkrarlanmaması üçün çağırış edilməsi olduğu vurğulanıb.

İclasda iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri, həyata keçirilən birgə layihələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

“Sonda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Xorvatiya birgə hökumətlərarası komissiyasının ikinci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri – A.Kərimov və T.Coric imzalayıblar.

“Sənəddə iqtisadi, sənaye, enerji, nəqliyyat, İKT, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlıq prioritetləri əksini tapıb.

“İclasdan sonra media nümayəndələri üçün brifinq keçirilib.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.