Press "Enter" to skip to content

Muzeydə Atatürkün üzərində ürək sözlərini qeyd etdiyi tarixi fotoşəkil qorunur

Bayraqdar.info – 29 oktyabr Türkiyədə Cümhuriyyət bayramıdır. Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Cümhuriyyətinin elan olunması münasibəti ilə qeyd edilir.

“M.K.Atatürk bu tarixdə dillər əzbəri olan “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur” – bəyanatını Azərbaycanın Türkiyədəki ilk diplomatı, dostu İbrahimbəy Əbilov vasitəsilə bütün dünyaya bəyan etmişdir. M.K.Atatürk İ.Əbilovu anadolu türklərindən ayırmamış, daim ona qarşı yüksək dostluq, qardaşlıq münasibəti bəsləmiş və bu doğmalıq münasibəti tarixə dərin izlər salmışdır.

“Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Mustafa Kamal Atatürk tərəfindən “Azərbaycanın hörmətli səfirinə, qardaşım İbrahim Əbilova. 28 oktyabr 1921. Ankara” sözləri yazılmış tarixi fotoşəkil qorunur. Bu avtoqraf yenilməz türk liderinin Azərbaycan diplomatına xüsusi ehtiramını aydın əks etdirir.”

Bu sözlər bayraqdar.info-ya Mlli Azərbaycan Tarix Muzeyindən verilən xəbərdəndir.

“Bundan başqa, Atatürkün İ.Əbilovu ən etibarlı adamı kimi Türkiyə ordusunun böyük hücum hazırlıqları dövründə ön cəbhəyə dəvət etməsi, onu döyüş diviziyaları ilə tanış etməsi, zabitlərlə görüşdürməsi, həmçinin onunla məsləhətləşməsi Atatürk ilə Əbilov arasında dostluq münasibətlərinin yüksək dərəcədə olmasından xəbər verir.

“Həmçinin, muzeyin Sənədli mənbələr fondunda Azərbaycanın ilk diplomatlarından biri İ.Əbilovun fəaliyyəti ilə bağlı bir neçə sənəd və fotoşəkillər də qorunub saxlanılır. Muzey kolleksiyasında mühafizə edilən həmin materiallar arasında Əbilovun diplomatik sənədi, həyat yoldaşının öz əli ilə qələmə aldığı xatirələri dövrün tarixini araşdıranlar üçün əhəmiyyətlidir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.