Press "Enter" to skip to content

Prokurorluq əməkdaşları Ankarada 10 günlük təcrübə mübadiləsində olub

Bayraqdar.info – Baş Prokurorluğun, Hərbi Prokurorluğun, Bakı şəhər və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının əməkdaşlarından ibarət 11 nəfərlik heyət Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edib. Səfər Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində təcrübə mübadiləsi aparmaq məqsədilədir.

Bu barədə bayraqdar.info-ya oktyabrın 29-da Baş Prokurorluqdan xəbər verilib.

“Nümayəndə heyəti tərəfindən Ankarada ulu öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edilib, abidəsi önünə tər gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.

“Prokurorluq əməkdaşları, həmçinin, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Mavzoleyini – Anıtqəbirini ziyarət ediblər.

“Səfər zamanı Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin və Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca Azərbaycan nümayəndə heyətini qəbul edib.

“Azərbaycan və Türkiyə prokurorluqları arasında münasibətlərin daha intensivləşməsi və faydalı olması üçün kifayət qədər əsaslar olduğunu qeyd edən B.Şahin əməkdaşlığın həm dövlətlər, həm xalqlar və həm də hər iki dövlətin prokurorluqlarının mənafeyinə xidmət etdiyini vurğulayıb.

“Prokurorluq orqanlarının müxtəlif struktur qurumlarını təmsil edən heyət üzvləri səfər çərçivəsində qardaş ölkənin Ali Məhkəməsi və Baş Prokurorluğunun yeni kompleksi ilə tanış olub. Onlar Ankara Ədliyyəsi, Ankara Bölgə Ədliyyə Məhkəməsi, Türkiyə Ədalət Akamediyasında təşkil olunmuş seminarlarda iştirak ediblər.

Heyət üzvləri, həmçinin Sincan Qapalı Cəza İcra Qurumuna səfər ediblər. Onlar Türkiyə hüquq sistemində cəzaların icrası zamanı prokurorluq əməkdaşlarının fəaliyyəti ilə yaxından tanış olublar.

“”Azərbaycan Prokurorluğunun əməkdaşları ilə türkiyəli həmkarları arasında hüquqi sahədə fikir mübadilələri və müzakirələr aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

“10 günlük təcrübə mübadiləsindən sonra geri qayıdan nümayəndə heyəti Baş Prokuror Kamran Əliyev tərəfindən qəbul edilib.

“Heyət üzvləri səfər zamanı əldə etdikləri səmərəli təcrübə ilə bağlı Baş Prokurora məlumat verib, mübadilə zamanı göstərilmiş səmimi və doğma münasibətdən məmnunluq ifadə ediblər.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.