Press "Enter" to skip to content

İncəsənət sərhəd tanımır

Bayraqdar.info – “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores və istedadlı gənc rəssam Arzu Əhmədlinin “İncəsənət sərhəd tanımır” adlı ilk birgə yaradıcılıq sərgisi təqdim olunub.

Bu barədə bayraqdar.info-ya sərginin təşkilatçısı Azərbaycan Rəssamlar İttifaqının üzvü Aygün İsgəndərova məlumat verib. Bildirilib ki, layihə rəhbəri Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərova olan tədbirdə Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Sərgini giriş sözü ilə layihə rəhbəri Elnurə İsgəndərova açaraq qarşıdan gələn Zəfər Günü münasibəti ilə hər kəsi təbrik edib. O, bu Zəfəri bizə qazandıran başda Ali Baş Komandan olmaqla bütün hərbçilərimizə, qazilərimizə can sağlığı arzulayıb, şəhidlərimizə isə uca Allahdan rəhmət diləyib. Qeyd edilib ki, layihə Azərbaycanda bir ilkdir.

Sərgi ilə bağlı təəssüratlarını Azərbaycan dilində bölüşən səfir Xuan Rodrigo Labardini Flores bildirib ki, Azərbaycan və Meksika arasında geniş mədəni və dostluq münasibətləri mövcuddur . Səfir deyib ki, bu mədəni hadisə iki ölkə arasında dostluq münasibətlərinin inkişafına və ikili mədəni əlaqələrin daha da genişlənməsinə böyük töhfə olacaq. Diplomat ilk fərdi sərgisinin məhz Azərbaycanda təşkil olunmasından böyük zövq aldığını qeyd edib.

Sonra Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Mustafa Kemal Beyazbayram çıxış edərək Azərbaycana olan sevgisindən bəhs edib.

Daha sonra çıxış edən diplomatik korpusun nümayəndələr və digər natiqlər belə mədəni tədbirlərin ölkələrarası dostluğun, mədəni əlaqələrin inkişafında əvəzsiz rol oynadığını bildiriblər.

Sonra təşkilatçılar və sənətkarlar səfirlik və “Azərkitab” Kitab Mərkəzi tərəfindən diplomlarla təltif olunublar.

Qeyd edək ki, Sərgidə Xuan Rodrigo Labardini Floresin Azərbaycan və Meksikanın görməli yerləri və memarlıq abidələrinin yer aldığı fotoşəkilləri, həmçinin, gənc rəssam Arzu Əhmədlinin rəsm əsərləri nümayiş olunub.

Sərgi sevilən kaman ustası Şəhriyar Musayevin biri-birindən rəngarəng ifaları ilə davam edib.

Sonda iştirakçılar Meksika mətbəxinin ləziz təamları ilə tanış olublar.

Mission News Theme by Compete Themes.