Press "Enter" to skip to content

Doğru siyasətin gətirdiyi böyük qələbə

Fərid Şərifov

Birinci Qarabağ müharibəsi zamanı itirdiyimiz 20 faiz torpaqlarımızın geri qaytarılması XXI əsrin əsas prioritet məsələlərindən biri idi. Torpaqlarımızın işğaldan azad olunması üçün uzaqgörən görkəmli siyasi lider, güclü ordu və doğru zaman lazım idi.

1993-cü il iyunun 15-də xalqımızın tarixində yeni səhifə açıldı. Həmin gün Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində dövlət quruculuğu, aqrar və sənaye islahatları öz bəhrəsini verdi. Respublikamız sürətli inkişaf yoluna qədəm qoydu.

2003-cü ildə prezident seçkilərində Azərbaycan xalqı yekdilliklə Ulu öndər H.Əliyevin davamçısı İlham Əliyevi prezident seçdi. Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi üçün mühüm addımlar atıldı. Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun fəaliyyətinə tam dəstək verildi. Lakin Ermənistanın sülh danışıqlarına əhəmiyyət verməməsi, atəşkəsi tez-tez pozması müharibənin baş verməsini qaçılmaz etdi.

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin mövqelərimizə və dinc əhaliyə hücumu Azərbaycanın şanlı ordusunun əks-hücum əməliyyatı həyata keçirməsinə səbəb oldu. Beləliklə də Vətən müharibəsi başladı.

44 gün davam edən müharibədə Prezident İ.Əliyev həm Ali Baş Komandan kimi ön cəbhədə , həm də siyasi lider olaraq informasiya müharibəsində düşməni məğlub etdi. İ.Əliyevin BBC xəbər kanalına verdiyi müsahibəsində də əsas diqqəti torpaqlarımızın qətiyyətlə sona qədər mübarizə apararaq geri alınacağını, Gəncə və Bərdə terrorunun qisasının yalnız döyüş meydanında alınacağını vurğulayaraq Azərbaycanın bir daha humanist siyasət yürütdüyünü, regionda sülhə nail olmağa çalışdığını qeyd etmişdi.

Siyasi liderin beynəlxalq aləmdə şəxsi nüfuzu və qətiyyətli addımları Ermənistanın baş naziri Nikol Paşinyanı tam məğlub etdi. Döyüş meydanında Azərbaycan Milli Ordusunun tam qələbəsi, tariximizdə şanlı səhifənin açılması birbaşa rəhbərliyin həyata keçirdiyi düzgün siyasətin nəticəsidir.

Şuşanın azad olunduğu gün – 8 noyabr 2020-ci il tarixində İ.Əliyevin qələbə xəbərini məhz Şəhidlər Xiyabanı və Fəxri Xiyabanda ulu öndərin qəbrini ziyarət edərək xalqımıza çatdırması bir daha sübut etdi ki, qələbənin şəhidlərin qanı bahasına alındığını heç kim unutmayacaq. Onların xatirəsi daim əziz tutulacaq.

Siyasətdə isə İ.Əliyevin ulu öndərin layiqli davamçısı olaraq torpaqlarımızın azad edilməsində göstərdiyi şücaəti bir daha sərgiləndi.

“Qarabağ Azərbaycandır!” şüarının müəllifi olan İ.Əliyev bunu təkcə sözdə yox, öz fəaliyyətində də təsdiqlədi. Ermənistan məğlub oldu və kapitulyasiya imzalamağa məcbur edildi. Torpaqlarımız düşmən tapdağından azad edildi. Qələbəni başda prezident İ.Əliyev olmaqla Qarabağ uğrunda mübarizə aparmaq üçün bir yumruq kimi birləşən Azərbaycan xalqı qazandı.

Ulu öndər H. Əliyevin dediyi kimi: “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”.

*Fərid Şərifov Xətai Rayon İcra Hakimiyyətinin könüllüsü və YAP-ın üzvüdür

Mission News Theme by Compete Themes.