Press "Enter" to skip to content

14 noyabr Axısxa türklərinin sürgün ildönümüdür

Son yeniləmə: 14 Noyabr 2021 18:44

Bayraqdar.info – 14 noyabr Axısxa (Ahıska) türklərinin sürgün edilməsinin 77-ci ildönümüdür. 1944-cü ildə qanlı Sovet-rus imperiyasının rəhbəri İosif Stalinin göstərişilə Gürcüstanda yaşayan 95 min nəfər Axısxalı bir tapşırıqla yurdlarından alınaraq Orta Asiya çöllərinə sürgün edilib.

Tarixi mənbələrə, eyni zamanda hazırda həyatda olan şahidlərin verdiyi bilgilərə görə, Gürcüstanın Mesxetiya bölgəsinin 212 kəndində kompakt şəkildə yaşayan 95 min Axısxa türkü yük vaqonlarına doldurularaq başda Özbəkistan olmaqla Orta Asiyaya göndərilib. Onların bir qismi Qazaxıstanda, digər bir qismi isə Qırğızıstanda yerləşib.

14 noyabr 1944-cü il sürgünü ilk mərhələdə ən azı 15 min Axısxa türkünün həlak olması ilə nəticələnib.

Daxili İşlər Xalq Komissarlığının (NKVD) rəhbəri Lavrenti Beriyanın birbaşa icra etdiyi bu sürgünün ardından əsasən ermənilər olmaqla 32 min nəfər şəxs Axısxa türklərindən geriyə qalan kəndlərə yerləşdirilib.

1956-cı ildə dönəmin SSRİ rəhbəri Nikita Xruşov sürgün edilən xalqların geri qayıda bilməsi üçün şərait yaratsa da Axısxa türkləri əsasən 1989-cu ildə Özbəkistanda meydana gələn qanlı qarşıdurmalardan sonra kütləvi şəkildə köçməyə başlayıb. Lakin bu dönəmdə Gürcüstan onların öz evlərinə dönməsi üçün şərait yaratmadığına görə, Axısxalılar Azərbaycan da daxil olmaqla başqa ölkələrə yerləşib.

1999-cu ilin aprelində Avropa Şurasına üzv olan Gürcüstan Axısxalıların öz yurdlarına yerləşdirilməsi üçün şərait yaradacağıyla bağlı öhdəlik götürsə də bu günə kimi bu öhdəliyə əməl edilməyib. Axısxalılar hələ də Gürcüstandakı yurdlarına dönə bilmir.

Hazırda dünyanın müxtəlif ölkələrinə səpələnmiş Axısxa türkləri əsasən Türkiyə, Azərbaycan və Rusiya kimi ölkələrdə kompakt yaşamaqdadır.

Mission News Theme by Compete Themes.