Press "Enter" to skip to content

Müxalifət adına şayiə maşını belə işləyir

Aysel Əlizadə və "Azad söz"ün paylaşımları...

Son yeniləmə: 14 Noyabr 2021 19:49

Bayraqrdar.info – Noyabrın 14-də qarşıma maraqlı bir paylaşım çıxdı. Daha doğrusu, dostlar göndərmişdi. “Qoç ət” adlı bir restoranın haqqında yazılan hansısa xəbər təkzib edilirdi. Maraq üçün araşdırmağa qərar verdim. Və qarşıma çıxanları dəyərli oxucularla da paylaşmağı uyğun gördüm.

İpin ucundan tutub getdikcə Aysel Əlizadə (şəxsən tanımadığım və sosial mediadan da izləmədiyim bir sosial media hesabıdır) adlı birisinin belə bir paylaşımını gördüm (heç bir müdaxiləsiz təqdim edirəm): “Gedib Şuşa alınar alınmaz iki dənə bahalı restoran açıblar. Hərbçilərimiz orda yemək yeyəndə 700 manat hesab gətiriblər. Dava düşüb. Deyiblər biz buranı ac-susuz ölümün üzərində sürünə-sürünə almışıq ki, siz gəlib tələsik restoran açıb bizə qiymət oxuyasız?! Kimin tanışı tapşırığı var gedib Şuşada obyekt açır, yeyib-içib genəlir. Biz dedik bunlar düzələr, bu boyda savaşdan sonra özlərinə gələrlər. Ayıbları artdı…”

Bu paylaşımda hər hansı restoranın adı çəkilmir. Heç şəkli də yoxdur. Sadəcə Şuşa qalasının üzərində “Şuşa” yazılan görüntüsü var…

Eyni paylaşımı hər fürsətdə Azərbaycanı qaralayan “Azad söz” adlı Facebook səhifəsi də paylaşıb. İstinad da Aysel Əlizadəyədir. Amma bir maraqlı ayrıntı var. Bu dəfə Şuşa şəklinin yerinə “Qoç ət” adlı restoranın şəkli verilib. Açığı, heç vaxt bu restoranda yemək yemədiyim üçün, ümumiyyətlə haqqında hər hansı bilgim olmadığı üçün o şəklin Şuşadakı, yoxsa başqa yerdəki “Qoç ət” restoranına aid olduğunu deyə bilmərəm. Heç dəxli də yoxdur əslində. Çünki ilkin paylaşımı (ilkinmi? – A.H.) etmiş Aysel Əlizadə adlı şəxs bu restoran da daxil olmaqla hər hansı restoranın adını çəkməyibsə, ondan iqtibas edən ikinci şəxs də nəsə əlavə edə və ya dəyişdirə bilməzdi. Yalnız bir istisna şərtilə: əgər o, əlavə araşdırma aparıb yeni ayrıntılar aşkara çıxarmış olsaydı. Lakin “Azad söz”ün paylaşımında heç nə deyilmir, sadəcə Şuşa şəhərinin yerinə “Qoç ət” adlı restoranın şəkli qoyulub.

Və ardınca da dostların göndərdiyi “Qoç ət”in təkzibi.

“Əziz Xalqımız! Bildiyiniz kimi, Vətənimizin incəsənət beşiyi sayılan Şuşa şəhəri işğalçılardan azad ediləndən sonra biz “Qoç ət” olaraq böyük qürur hissi ilə xalqımıza xidmət etmək üçün restoran filialımızın Şuşa şəhərində açılışını etdik” sözlərilə başlayan təkzibdə qeyd edilir ki, bu qurum savaş günlərində Zəfərin qazanılması üçün yardımlarını da əsirgəməyib. Üstəlik, hərbçilər bu restoranda 20 faiz endirimlə yemək yeyə bilər.

“Qoç ət” açıqlamada yazır ki, bir neçə gün öncə “Zəfər Yarmarkası”nda da yaxından iştirak ediblər, orada əldə edilən gəliri tam olaraq “Yaşat Fondu”na bağışlayıblar.

Göründüyü kimi, xeyirxah işlərlə məşğul olublar. Ona görə də daha sonra qeyd edirlər ki, “şəhidlərimizin, qazilərimizin qanı və canı hesabına qazanılan böyük zəfərə kölgə salmaq istəyənlər bu gün də var. Sosial şəbəkələrdə məlum “Azad söz” səhifəsinin bizim haqqımızda yazdıqları tamamilə həqiqətdən uzaqdır. Bütün bunlar yalan, böhtan və təxribatdır. Şuşada yerləşən restoranımızda belə bir hal baş verməyib. Şuşa filialımızı açmaqda məqsədimiz gəlir qazanmaq deyil, hərbçilərimizə, orada çalışanlara, qonaqlara xidmət etməkdir!”

Bax, belə! Bu məsələdə hakim rolunda çıxış etmək fikrindən uzağam. Qeyd etdiyim kimi, nə Aysel Əlizadəni, nə də “Azad söz”ü izləmirəm. “Qoç ət”lə də yaxından-uzaqdan heç bir əlaqəm yoxdur. Sadəcə diqqətimi çəkən bu oldu ki, adi bir sosial media paylaşımında belə öz izləyicilərini yayındırmağa çalışanlar özlərinə necə “Azad söz” adı verə biliblər? Yaxud, əgər doğrudan da deyilən hal baş veribsə, niyə ad çəkilmir? Niyə faktlarla danışılmır? Niyə həm Aysel Əlizadə adlı şəxs, həm də “Azad söz” bazar qeybəti səviyyəsində paylaşım edərək ictimai rəyi körükləndirir? Bunların məqsədi nədir? Ümumiyyətlə, bu cür mənbəsiz paylaşımlarla nəyə nail olmaq istəyirlər?

Nəyə nail olmaq istədikləri də paylaşımların altında sıralanan rəylərdən bəlli olur. Kiminsə hər hansı istinadsız paylaşdığı bir neçə cümləyə əsaslanıb Azərbaycan dövlətini yerdən yerə vururlar o rəylərdə. Təsadüfmü? İnanmıram. Məqsədli qaralama kampaniyasıdır.

Və şəxsən diqqətimi çəkən bir maraqlı məqam. Yazıya əlavə etdiyim şəkillərdəki paylaşımların hər ikisini bir neçə dəqiqə fərqlə çap etmişəm. Amma maraqlıdır ki, Aysel Əlizadənin o paylaşımı 2 saat əvvəl etdiyi yazılır. “Azad söz” isə Aysel Əlizadədən düz 17 saat öncə onun hələ 17 saat sonra edəcəyi paylaşıma istinad edib. Təəccüblü deyilmi? Açığı, burada bir az çaşqınlıq içindəyəm. Çünki bu paylaşımın daha əvvəl başqa bir yerdə olduğu da mümkündür. Lakin axtarışlarım məni hər tərəfdən məhz bu 2 saat öncə edilən paylaşıma və ona istinadla “Azad söz”ün 19 saat öncə edilən paylaşımına gətirib çıxardı…

Mission News Theme by Compete Themes.