Bayraqdar.info – 3 Dekabr Beynəlxalq Əlillər günüdür. 1992-ci ildən BMT Baş Məclisinin qərarı ilə dekabrın 3-ü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunur. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. Dünya əhalisinin təxminən 10 faizini əlillər təşkil edir.
Əlil Qdınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova Əlillər Günü ilə bağlı bayraqdar.info-ya danışıb. Onun bildirdiyinə görə, Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşır.
“Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Bu gün ölkədə əhalinin məşğulluğa cəlb olunan hissəsinin 11 faizini əlilliyi olan şəxslər təşkil edir. Bu rəqəm dünyada 14 faiz üzərindədir. Bizdə də beynəlxalq standarta yaxınlaşma gedir. Əsas istiqamət əlilliyi olan insanların məşğulluğa cəlb olunmasıdır. Məsələn, Sahibkarlar Konfederasiyasının təqdimatında gördük ki, əlilliyi olan insanlardan 4 faiz sahibkarlar tərəfindən işlə təmin edilib. Onlardan 30 faizi öz şəxsi bizneslərini qurmaq istəyirlər, 20 faiz əlil isə müxtəlif təlimlərə cəlb edilib. Beş il öncəylə müqayisə olunanda, bu rəqəmlər kifayət qədər böyük rəqəmlərdir. Əlil insanların cəmiyyətə inteqrasiya olunmaları, işlə təmin edilmələri, təhsil almaları, cəmiyyətdə onlara qarşı zorakılığın qarşısının alınması üçün özlərinin fəallığına böyük şərait yaradılır”, – deyə M.Rəhimova bildirib.
M.Rəhimova onu da qeyd edib ki, dekabrın 3-ü Beynəlxalq Əlillər Günündə Azərbaycan Əlil Təşkilatları İttifaqı ilə Finlandyanın Xarici İşlər Nazirliyi birgə layihə həyata keçirib. Tədbirdə iş adamlarının və ictmaiyyəin iştirakı ilə əlillərin əl işlərinin sərgisi də təşkil olunub.
““Hamı üçün layiqli iş” layihəsi əsasında keçirilən proqram layihəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları da yaxından iştirak edib. Beynəlxalq Əlillər Günü geniş formada qeyd edilib. Biz tək bu gün deyil, hər zaman əlilliyi olan insanların yanında olmağa çalışmalıyıq”, – deyə M.Rəhimova qeyd edib.