Press "Enter" to skip to content

Almatıda Alaş Ordaya həsr edilmiş tədbir

Kitabların təqdimatı

Son yeniləmə: 3 Dekabr 2021 23:40

Bayraqdar.info – Dekabrın 3-də Almatıda Qazaxıstan və Qırğızıstan aydınlarının iştirakıyla toplantı keçirilib. Beynəlxalq Türk Akademiyasının (BTA) təşkil etdiyi toplantıya Qazaxıstanın dövlət katibi Kırımbek Köşerbayev və Qırğızıstanın dövlət katibi Süyünbek Kasmambetov da qatılıb.

Xəbəri dekabrın 3-də bayraqdar.info-ya BTA-dan veriblər.

Qeyd edilir ki, “Qazax və qırğız Alaşdandır” mövzulu toplantıda BTA-nın yayımladığı bir sıra kitablar da təqdim edilib.

Tanınmış alim Zaynidin Kurmanovun “Alaş Partiyasının qırğız şöbəsi: qurulması, fəaliyyəti, sonu” adlı kitabı Alaş Orda araşdırmaları mövzusunda bir yenilik olaraq təqdim edilib. Yazar öz kitabında qeyd olunan Partiyanın Qırğızıstandakı fəaliyyətlərinə işıq tutub.

Təqdim edilən kitablardan biri də qırğız Alaş ziyalısı, maarifçi, şair Kasım Tınıstanovun 1925-ci ildə qazax və qırğız dillərində yayımlanmış “Kasım jırları” əsəridir. Kitab türkcə dərc edilib. Sabırbek Borubayevin başçılığı altında hazırlanan kitabdakı şeirlər qırğız latın əlifbasında və türkcə tərcüməsi ilə yanaşı dərc edilib. Onu da əlavə edək ki, K.Tınıstanov Qırğızıstanda əlifba islahatının tərəfdarlarından olub və cəmi 37 il yaşayıb. O da bir çox türk aydını kimi repressiya qurbanı olub.

BTA-dan bildiriblər ki, tədbir türk dünyasının ortaq qüruru, qazax və qırğız qardaşlığının rəmzi olan böyük şair Jambıl Jabayevin 175, qırğız aydınları Jusup Abdırahmanov və K.Tınıstanovun 120 illiyinə həsr edilib.

Əlavə edək ki, Alaş Orda adlı təşkilat 1905-ci ildə bir hərəkat kimi qurulmuş, 1912-ci ildə partiyaya çevrilmişdir. Partiyanın 1928-ci ilə qədər fəaliyyət göstərdiyi, sonrakı mərhələdə isə siyasi səhnədən silindiyi bilinir. 1980-ci illərdə isə bu adda qurum yenidən siyasi meydana çıxmışdır. Alaş Ordanın fəaliyyəti türklük üzərində qurulmuş, əsasən indiki Qazaxıstan və Qırğızıstan ərazisində mövcud olmuşdur.

Mission News Theme by Compete Themes.