Press "Enter" to skip to content

QHT Agentliyi kiçik qrant müsabiqəsi elan etdi

İclasdan görüntü

Son yeniləmə: 3 Dekabr 2021 23:05

Bayraqdar.info – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu haqda xəbəri bayraqdar.info-ya qurumdan veriblər.

Xəbərdə deyilir ki, iclasda bir neçə gün öncə dünyasını dəyişmiş Müşahidə Şurasının üzvü Əvəz Həsənovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev gündəliyi təqdim edib.

Toplantıda Prezidentin 2 dekabr 2021-ci il tarixli müvafiq Fərmanından irəli gələn məsələlərə baxılıb. Fərmana uyğun olaraq Müşahidə Şurası tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsinin müvəqqəti qaydası müəyyən edilib. Eyni zamanda qrant məbləğinin müəyyən edilməsinin müvəqqəti meyarları və hər mövzu üzrə qrant məbləğinin yuxarı həddi də razılaşdırılıb. Habelə Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılmasının müvəqqəti qaydasına dair sənəd təsdiq olunub.

Sonda Agentliyin 2021-ci il üçün kiçik qrant müsabiqəsinin elan olunması məsələsinə baxılıb. Qərara alınıb ki:

-insan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi;
-ailə, qadın, uşaq və gender məsələləri;
-ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə;
-elm, təhsil, mədəniyyət və Azərbaycançılığın təbliği;
-açıq hökumətin və ictimai nəzarətin təşviqi;
-korrupsiyaya qarşı mübarizə;
-sosial və iqtisadi;
-Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi və s.

əhatə edən 7 istiqamət üzrə 2021-ci il üçün kiçik qrant müsabiqəsi elan edilsin.

O da bildirilib ki, qrant müsabiqəsi Agentliyin yeni elektron portalı olan e-qrant.az saytı vasitəsi ilə həyata keçiriləcək.

Əlavə edək ki, kiçik qrantların maksimal məbləği 10 min manata kimidir.

Mission News Theme by Compete Themes.