Press "Enter" to skip to content

Qırğızıstan TV kanalı Bakı mərkəzli təmsilçilik açır

Hökümə Xəlilova, Ramiz Məşədihəsənli və Dooronbek Adaxanov

Son yeniləmə: 5 Dekabr 2021 09:53

Bayraqdar.info – Qırğızıstanın populyar TV kanallarından olan “Piramida” TV Bakı mərkəzli təmsilçilik açmaq haqqında qərar verib. Təmsilçilik 2022-ci ilin əvvəlində fəaliyyətə başlayacaq, Azərbaycanla bərabər Güney Qafqaz bölgəsi və Türkiyəni də əhatə edəcək.

Bu haqda xəbəri Qırğızıstan Dövlət “Piramida” Media Holdinginin baş direktoru Dooronbek Adaxanov AzərTAC-ın müxbiri ilə söhbətində verib.

D.Adaxanov: “Dövlət müstəqilliyi ilə bərabər biz də Piramida telekanalımızın 30 illik yubileyini geniş qeyd etdik. Qloballaşan dünya ilə informasiya məkanının da irəliyə getməsi çox vacibdir. Dövlət başçılarımızın həm müxtəlif beynəlxalq səviyyəli, həm də Türk Dövlətləri Təşkilatının zirvələrində görüşərək gələcək irimiqyaslı layihələrin həyata keçirilməsi üçün qarşılarına qoyduqları məqsədləri biz media rəhbərləri də geniş təbliğ etməliyik. Hələ altı ay əvvəl yubiley tədbirimizdə çıxış edərkən demişdim ki, hazırda ilk beynəlxalq layihə kimi xarici ölkələrə, xüsusən də Türk Dövlətləri Təşkilatına mediamızla inteqrasiya etməliyik. Budur, artıq Azərbaycan, Türkiyə, Gürcüstan, Güney Qafqaz bölgəsi üzrə “Piramida” TV-nin təmsilçiliyinin yaradılmasına nail olduq”.

“Piramida” Media Holdingin rəhbəri deyib ki, Bakıdakı mərkəzi Azərbaycan XİN-də akkreditasiyadan keçmiş üç jurnalist təmsil edəcək. O, bildirib ki, TÜRKEL medya qurumunun sahibləri, “Piramida” TV-də “Dostluq körpüsü” və “Diplomat” verilişlərinin layihə ortaqları olan Hökümə Xəlilova və Ramiz Məşədihəsənli bu iş üçün cəlb edilib. Onlarla birlikdə müxbir kimi Aygül Yolçuzadə də işləyəcək.

D.Adaxanov əlavə edib ki, “önümüzdəki ilin əvvəllərində bölgə təmsilçiliyi mərkəzi kimi Bakı şəhərində “Piramida” TV-nin iqamətgahının rəsmi açılışını gerçəkləşdirəcəyik. Sonra isə Türkiyə və Gürcüstanda ofislərimiz fəaliyyətə başlayacaq. Bir az öncə qeyd etdiyim kimi, əsas məqsədimiz eyni kökə, tarixə, mədəniyyətə, dinə və dil bağlılığına malik olan qırğız türklərinin Azərbaycan və Türkiyədə daha geniş, əhatəli tanıdılması və əksinə, Azərbaycanın, Türkiyənin uğurlarını, mədəni həyatını, turizm imkanlarını, əsas etibarilə dövlətlərimiz arasındakı isti münasibətlərin, ikili əlaqələrin inkişafına təkan verəcək rəsmi təmasları, görüşləri “Piramida” TV-yə daşımaqdır. Kanalımız Qazaxıstan, Özbəkistan və Tacikistanın bir qism ərazisini də əhatə edir. Məncə, qardaş ölkələrimizin bir-birinə inteqrasiyası üçün çox şanslı olduq ki, bölgə təmsilçiliyimizin rəsmən açılması mənim başçılıq etdiyim “Piramida” Media Holdingin qismətinə düşdü”.

Əlavə edək ki, R.Məşədihəsənli qeyd olunan təyinatı bayraqdar.info-ya təsdiqləyib. O, bildirib ki, artıq ilkin hazırlıqlar görülməkdədir və fəal bir şəkildə Qırğızıstan TV-sini sözügedən bölgə ilə bağlı materiallarla təmin edəcəklər.

Onu da bildirək ki, R.Məşədihəsənli və H.Xəlilova uzun illərdir ki, Orta Asiya ölkələrində media fəaliyyəti ilə uğurlu bir şəkildə məşğuldur. Bu baxımdan “Piramida” TV-nin seçimi də uğurlu hesab edə bilərik.

Mission News Theme by Compete Themes.