Press "Enter" to skip to content

Səmti müəyyənetmə idman növü üzrə “Zəfər kuboku”

Son yeniləmə: 6 Dekabr 2021 19:19

Bayraqdar.info – Dekabr 5-də Səmti Müəyyənetmə İdman Federasiyası tərəfindən səmti müəyyənetmə üzrə “Zəfər Kuboku” yarışı keçirilib. Dənizkənarı bulvar və İçəri şəhər ərazilərində keçirilən yarış ölkəmizin şanlı qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunub.

Bu barədə Federasiyadan bayraqdar.info-ya dekabrın 6-da verilən məlumatda deyilir ki, yeddi kateqoriya üzrə keçirilən yarışda 250-yə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.

Kişilər arasında elit kateqoriyada Neftçi İdman Klubunun idmançısı Gennadiy Klim yarışın qızıl medalını qazanıb. Yuriy Çernov (Dağçılıq İdman Klubu) ikinci, Mirzə Hüseynzadə (Fövqəladə Hallar Nazirliyi) isə üçüncü olublar.

Bu kateqoriyada qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin İdman Klubunun idmançısı Sevda Verdiyeva rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. Nataliya Şiyanova (Dağçılıq İdman Klubu) yarışın gümüş, Elina Çerpakova (Neftçi İdman Klubu) isə bürünc medalını qazanıb.

Yarışda qonağ qismində iştirak edən “Azərbaycan bayrağı” ordenli polkovnik Tehran Mənsimov çıxış edərək səmti müəyyənetmə idman növünün hərbi idman növü olduğunu bildirib. O, gənclərin bu idman növü ilə məşğul olmalarının vacibliyini qeyd edib, onlara gələcəkdə uğurlar arzulayıb.

Tədbirin sonunda polkovnik Tehran Mənsimov yarışın qalibi olmuş Dağçılıq İdman Klubuna “Zəfər Kuboku”nu təqdim edib.

Mission News Theme by Compete Themes.