Press "Enter" to skip to content

Azərbaycandan Burkina Fasoya peyvənd ianəsi

Bayraqdar.info – Bəlli olduğu kimi, cari ilin sentyabrında Afrika dövlətlərinin COVID-19 ilə mübarizəsinə Türk Dövlətləri Təşkilatı çərçivəsində dəstək göstərilməsi təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs təşkilatın sədri qismində Azərbaycan tərəfindən tam dəstəklənib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bayraqdar.info-ya dekabrın 7-də verilən məlumatda belə deyilir.

Qeyd edilir ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişi ilə yardım məqsədilə 100.000 doza peyvənd təşkilatın İstanbulda keçirilən Sammitindən bir neçə gün öncə İstanbula çatdırılıb. Eyni zamanda, Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AIDA) əlaqələndirməsi ilə dekabrın 6-da Azərbaycanın ianə etdiyi 100.000 doza Sinovac peyvəndi artıq Burkina Fasoya çatdırılıb.

Sözügedən təşəbbüsə dəstək olaraq, Azərbaycanla yanaşı Türkiyə 200.000, Özbəkistan 100.000 və Macarıstan 211.200 doza peyvənd ianə edib. Macarıstan tərəfindən Toqoya ianə edilən peyvəndlər də daxil olmaqla, ümumilikdə 611.200 doza peyvənd Türkiyə tərəfinin lojistik dəstəyi ilə dekabrın 6-da qeyd olunan Afrika dövlətlərinə təhvil verilib.

Məlumatda daha sonra bildirilir: “Qlobal səviyyədə COVID-19 ilə mübarizədə Azərbaycanın fəal rolu və ehtiyacı olan ölkələrə dəstəyinin nümunəsi olan bu töhfə, xalqımızın yardımsevərlik ənənələri əsasında cənab Prezident İlham Əliyev tərəfindən atılan növbəti humanist addımdır”.

Mission News Theme by Compete Themes.