Press "Enter" to skip to content

“YAŞAT” Fondunun yaradılmasından 1 il ötür

Son yeniləmə: 8 Dekabr 2021 17:39

Bayraqdar.info – Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasından 1 il ötür. Düz bir il əvvəl yaradılan Fond ötən müddət ərzində qarşısına qoyulan vəzifələri həyata keçirmək üçün əzmlə çalışıb.

Bu barədə dekabrın 8-də Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bildirilib.

“ASAN xidmət”dən bayraqdar.info-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iştirak ediblər.

Tdəbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun bir illik fəaliyyəti üzə müvafiq istiqamətlərdə həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatların əks olunduğu təqdimatla çıxış edib.

O, qeyd edib ki, Fondun fəaliyyət istiqamətləri üzrə 49 milyon manatdan çox vəsait xərclənib: “Xərclənən vəsaitin 32 milyon manatdan çoxu məişət şəraitinin yaxşılaşdırılmasına, 11 milyon manatdan çoxu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə, 5 milyon manatdan çoxu istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 458 min manatdan çoxu təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına sərf olunub”.

E.Hüseynov onu da bildirib ki, “YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 3 min 12 və yaralıların 2 min 525 müraciəti olmaqla ümumilikdə 5 min 537 müraciət təmin edilib. Ümumilikdə 154 ağır yaralı müalicə edilməsi məqsədilə Türkiyeyə göndərilib ki, onlardan da 115-i ölkəyə geri qayıdıb. Hazırda 39 ağır yaralının müalicəsi qardaş ölkədə davam edir.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə çıxışında bildirib ki, bu günə qədər “YAŞAT” Fonduna 64 milyon 930 min 525 manat 72 qəpik ianə toplanıb. Fondun fəaliyyət istiqamətləri üzrə 49 milyon 497 min 446 manat qəpik məbləğində vəsait xərclənib.

Qeyd edilib ki, 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 min 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 min 834 müraciəti icra olunub.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev də çıxış edib. Çıxışçılar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə xalqımızın, dünya azərbaycanlılarının vahid formada təşkilatlanması, o cümlədən ölkəmizdə şəhid ailə üzvləri və yaralılara dövlət qayğısı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Məhz həmin kateqoriyadan olan şəxslərin müxtəlif istiqamətlərdə müraciətlərinə xüsusi həssaslıqla və diqqətlə yanaşıldığı, həlli istiqamətində çevik tədbirlərin reallaşdırıldığı vurğulanıb.

Tədbir çərçivəsində “YAŞAT” Fondunun müvafiq fəaliyyət istiqamətlərini əks etdirən videoçarxlar da nümayiş etdirilib.

Sonda isə media nümayəndələrinin sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.