Press "Enter" to skip to content

Hərbi Qənimətlər Parkı ilə bağlı Ermənistanın fiaskosu

Muxtar Mustafayev

Son yeniləmə: 10 Dekabr 2021 18:01

Bayraqdar.info – Məlum olduğu kimi, Ermənistan Azərbaycandakı Hərbi Qənimətlər Parkının bağlanması ilə bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə (The International Court of Justice) müraciət edib. Onlar bunu insan haqlarının pozulması kimi qələmə verməyə çalışırlar.

Məsələ ilə bağlı bayraqdar.info-ya açıqlama verən hüquq eksperti Muxtar Mustafayev Məhkəmənin qərarını şərh edib. O, bildirib ki, Məhkəmə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi barədə Ermənistanın Azərbaycana qarşı iddiası üzrə müvəqqəti tədbirlərin görülməsinə dair 7 dekabr 2021-ci il tarixli 180 saylı Qərar qəbul edib.

Ekspert vurğulayır ki, Qərarın 13-cü bəndində bildirilir: “13. Hər ikisi keçmiş Sovet Sosialist Respublikaları İttifaqının respublikaları olan Ermənistan və Azərbaycan müvafiq olaraq 21 sentyabr 1991-ci ildə və 18 oktyabr 1991-ci ildə müstəqilliklərini elan etdilər. Sovet İttifaqında Dağlıq Qarabağ bölgəsi Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində yerləşən və etnik əhalisinin əksəriyyəti erməni olan muxtar qurum idi (“vilayət”). Tərəflərin həmin region üzərində rəqabət aparan iddiaları 1994-cü ilin mayında atəşkəs ilə başa çatan hərbi əməliyyatlarla nəticələndi. 2020-ci ilin sentyabrında Ermənistanın “İkinci Dağlıq Qarabağ müharibəsi” və Azərbaycanın “İkinci Qarabağ müharibəsi” adlandırdığı (bundan sonra “2020 Münaqişəsi”) növbəti hərbi əməliyyatlar başladı və 44 gün davam etdi.

“9 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəflərin “Üçtərəfli bəyanat” adlandırdıqları bəyanatı imzaladı. Bu bəyanatın şərtlərinə əsasən, 10 noyabr 2020-ci il tarixindən etibarən “Dağlıq Qarabağ münaqişəsi ərazisində tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması elan edilib”.

M.Muxtarovun sözlərinə görə, Qərarın bu hissəsində dünyanın ən böyük və nüfuzlu beynəlxalq məhkəməsi əraziləri mübahisəli ərazi kimi deyil, Azərbaycan ərazisi kimi qeyd edir.

“Ermənistan heç bir yerdə və heç bir halda bu ərazilərin mübahisəli olmasını qeyd edə bilməz. Ermənistan tərəfinin tələblərindən biri bu idi ki: “Azərbaycan erməni etnik və ya milli mənşəli insanlara nifrət bəsləməkdən çəkinməli, o cümlədən Hərbi Qənimətlər Parkının fəaliyyətini dayandırmalı, Parkı bağlamalıdır”.

Beynəlxalq ekspert onu da qeyd edir ki, işə məhkəmədə baxılan zaman Azərbaycan nümayəndəsi Hərbi Qənimətlər Parkında qənimət götürülmüş Ermənistan hərbi texnikasının üzərində olan erməni əsgərlərinin və əsgər dəbiləqələrinin götürldüyünü bəyan edib. Məhkəmə də bunu nəzərə alaraq Hərbi Qənimətlər Parkının bağlanması və fəaliyyətinin dayandırılması tələbini təmin etməyib.

“Bundan əlavə, həmin Məhkəmənin “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi barədə Azərbaycanın Ermənistana qarşı iddiası üzrə müvəqqəti tədbirlərin görülməsinə dair 7 dekabr 2021-ci il tarixli Qərarı ilə qərara alınıb ki: “Ermənistan Respublikası irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklərinə uyğun olaraq öz ərazisindəki təşkilatlar və fiziki şəxslər də daxil olmaqla, milli və ya etnik Azərbaycan mənşəli şəxslərə qarşı irqi nifrətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidir”.

Mission News Theme by Compete Themes.