Press "Enter" to skip to content

Mahmud Bilgin: 21 Azər Hərəkatı Azərbaycan tarixində əbədi qaldı

Mahmud Bilgin

Son yeniləmə: 11 Dekabr 2021 14:38

Bayraqdar.info – “Düşünürəm ki, o günün daxili və xarici şərtlərinə baxaraq 21 Azər Hərəkatı böyük uğur əldə etdi. Cəmi bir il ömür sürməsinə baxmayaraq 21 Azər Hərəkatı Azərbaycan tarixində əbədi qaldı. Yəni bundan sonra nə qədər Azərbaycan varsa, o qədər də 21 Azər Hərəkatından danışılacaq. Bu Hərəkat nəticəsində Güney Azərbaycanda ilk Azərbaycan dövləti yarandı. Ona görə də Güney Azərbaycanda 21 Azər milli dövlətçilik günü kimi qeyd edilir. Eyni zamanda bir il sonra 17 dekabr 1946-cı ildə fars şovinist rejimi bu hərəkatı qanla boğdu və bu tarix də Güney Azərbaycanda soyqırımı günü kimi anılır”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

21 Azər Hərəkatının 76-cı ildönümü ilə bağlı dəyərləndirmə edən M.Bilgin deyib ki, 21 Azər Hərəkatında əsas ideya azərbaycançılıq idi: “Azərbaycançılıq vətən sevgisi ilə dövlət yaratmaq idi. Bu baxımdan hesab edirəm ki, 21 Azər Hərəkatı çox böyük və önəmli addım atdı. Onun ardınca vətənin daxilində türk dilinin hakim olması reallaşdı. Yəni, bir il içərisində Azərbaycan türkcəsinin dövlət dili olaraq qəbul edilməsi, ana dilində kitabların çapı, Təbriz Dövlət Universiteti və çox sayda orta məktəblərin açılması kimi önəmli addımlar atıldı. Milli hökumətin milli teatr və mili filarmoniyanın qurulması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi, torpaq islahatı, iri bankların milliləşdirilməsi, səyyar xəstəxana və sağlıq klinikaları, sosial proqramlar, Güney Azərbaycan Milli Ordusunun yaradılması, qadınlara kişilərlə yanaşı bərabər hüquqların verilməsi kimi önəmli qərarlar qəbul etməsi 21 Azər Hərəkatının həyata keçirdiyi uğurlu siyasət kimi tarixə düşdü”.

Onun sözlərinə görə, 21 Azər Hərəkatı siyasi baxımdan da inamlı addımlar atdı. Muxtar bir dövlət kimi fəaliyyət göstərdi: “Ən əsası isə 21 Azər Hərəkatı onu göstərdi ki, hər bir xalqın öz milli müqəddaratını təyin etməsi, imperiyalara qarşı uğurlu mübarizə aparmasının yolu həm də dirənişdən, lazım gələndə silahlı müqavimətdən keçir. Ümumilikdə qısa, cəmi bir il ömrü olmasına baxmayaraq 21 Azər Hərəkatı tarixdə dərin və əbədi iz buraxdı”.

O dövrün qəhrəmanlarının Güney Azərbaycandakı indiki gənclik tərəfindən tanınması məsələsinə gəlincə M.Bilgin vurğulayıb ki, gəncliyimiz öz qəhrəmanlarını yaxşı tanıyır: “O qəhrəmanların önündə isə təbii ki, Seyid Cəfər Pişəvəri gedirdi. Seyid Cəfər Pişəvəri bir qəhrəmanlıq məktəbidir, bir liderdir. Seyid Cəfər Pişəvəri, xalqı naminə bütün çətinliklərə baş vuran, problemlərdən çıxış yolu tapmaq üçün müxtəlif həll yolları axtarıb, tapan milli rəhbərdir. Onun Güney Azərbaycanın azadlığı, xalqımızın öz müstəqil dövlətinə qovuşması üçün necə bir mübarizələrdən keçdiyi bu gün Güney Azərbaycan gəncləri üçün bir nümunə təşkil edir. Onu da deyim ki, bu gün Güney Azərbaycan Milli Azadlıq Hərəkatının önündə gedən bütün təşkilatlar Seyid Cəfər Pişəvərinin və onun silahdaşlarının gələcək nəsillər tərəfindən də tanınması üçün addımlar atır”.

“Güney Azərbaycan Milli Azadlıq Hərəkatı bu gün 21 Azər Hərəkatının miras qoyub getdiyi ideya və fəaliyyətdən bəhrələnə bilirmi” sualına gəlincə, müsahibimiz aşağıdakıları bildirib: “Ümumi deyə bilərəm ki, biz bu gün 21 Azər Hərəkatından çox şey öyrənirik. Hərəkatın həmin dövrdə dil, xarici və daxili siyasət baxımından reallaşdırdığı işlər bizə bir yol göstərir. Əsas istiqamətimiz isə 21 Azər Hərəkatının şüarı olan “Azadlıq, ədalət və milli hökumət”dir. Yəni, bu gün Güney Azərbaycan Milli Azadlıq Hərəkatı son nəticəsində uğur qazanmaq üçün bu prinsipə üstünlük verir. Çünki xalqımız azadlığına qovuşmalıdır. İmperializmin caynağından qurtulub, azad olmalıdır. Təbii ki, xalqımız həm də ədalət istəyir. İran rejiminin istilasına son qoyulması, ədalətli sistemin qurulmasını istəyir. Nəhayət, bunların reallaşması üçün milli hökumətin olması vacibdir. Milli hökumətimizin olmasa bunların heç biri öz həllini tapa bilməz. Lakin xalqımız o zaman 21 Azər Hərəkatının müraciət etmədiyi bir prinsipi də əsas götürüb. Bu da türkçülükdür. Yəni bu gün mübarizəmizin mərkəzində həm də türkçülük dayanır”.

Mission News Theme by Compete Themes.