Press "Enter" to skip to content

Dünya çempionu Dövlət Komitəsində

Görüşdən şəkil

Son yeniləmə: 14 Dekabr 2021 18:57

Bayraqdar.info – Nyu-Yorkda yaşayan azərbaycanlı idmançı, qaydasız döyüş üzrə Avropa, Amerika və dünya çempionu Elgün Xanoğlanlı ölkəmizdədir. İdmanşı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ilə görüşüb.

Komitədən bayraqdar.info-ya dekabrın 14-də verilən məlumata görə, F.Muradov E.Xanoğlanlı noyabrın 30-da Tunisin Hammamet şəhərində keçirilən Budo döyüş sənəti (qaydasız döyüş) üzrə dünya çempionatının qalibi olması münasibətilə təbrik edib. Qeyd edib ki, 45 ölkədən yüzlərlə idmançının iştirak etdiyi yarışda azərbaycanlı idmançının fəxri kürsünün ən yüksək pilləsinə qalxması Azərbaycanın dünyada həm də idman ölkəsi kimi tanıdılması baxımından böyük əhəmiyyətə malikdir.

Sədr Azərbaycanın 11 idmançı ilə qatıldığı bu beynəlxalq yarışdan 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazanmasını yüksək qiymətləndirib.

Səmimi qəbula görə təşəkkür edən Elgün Xanoğlanlı 2019-cu ildən başlayaraq beynəlxalq yarışlara Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə qatıldığını bildirib. Dünya çempionu Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təşəkkürnaməsini Fuad Muradova təqdim edib.

Qeyd edək ki, Elgün Xanoğlanlı 1992-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində dünyaya gəlib. 2009-cu ildə orada orta təhsilini başa vurub. 2010-2012-ci illərdə hərbi xidmətdə olub. 2012-ci ildə BP-nin Bakıdakı idarələrindən birində əmək fəaliyyətinə başlayıb və 2016-cı ildə ABŞ-a dəvət alanadək orada çalışıb.

Mission News Theme by Compete Themes.