Press "Enter" to skip to content

“Media haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi

Milli Məclis

Son yeniləmə: 14 Dekabr 2021 17:51

Bayraqdar.info – Milli Məclisin dekabrın 14-də keçirilən plenar iclasında “Media haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib.

MM-in Mətbuat mərkəzindən bayraqdar.info-ya bildirilib ki, qanun layihəsi söz və mətbuat azadlığı sahəsində dövlətin yeni hədəflərini müəyyənləşdirməyə, onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq səviyyəsini artırmağa, media sahəsində suverenliyi qorumağa xidmət edəcək.

“Layihə dövlət başçısının müvafiq Fərmanından sonra yaradılan İşçi Qrupu və Milli Məclisin üzvləri ilə birgə hazırlanıb. Media sahəsində sürətlə dəyişən çağırışları və tələbləri tənzimləmək üçün yeni qanuna ehtiyac yaranıb. Bu qanun qəbul edildikdən sonra “KİV haqqında” və bu sahəni tənzimləyən digər qanunlar qüvvədən düşmüş hesab olunacaq.

“Yeni qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Layihə 9 fəsil 78 maddədən ibarətdir. Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir. Bildirilib ki, qanun layihəsində əsas anlayışların yeni redaksiyada şərhi verilib, media subyektləri, o cümlədən audiovizual media, çap mediası, onlayn media və informasiya agentliklərinin dairəsi, onlara dair tələblər öz əksini tapıb.

“Sənəddə media sahəsində fikir müxtəlifliyini və fəaliyyət azadlığını təmin etmək, ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, medianın inkişafının təşviqi, media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq, rəqabət mühitinin təmini, bərabər fəaliyyət imkanları yaratmaq bu sahədə dövlətin əsas vəzifələri kimi göstərilib.

“Qanun layihəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər müvafiq maddələrdə öz əksini tapıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.