Press "Enter" to skip to content

Media haqqında qanunlar bir səbətdə – Müşfiq Ələsgərli

Azərbaycan Mətbuat Şrasının sədr müavini, JuHİ sədri Müşfiq Ələsgərli

Son yeniləmə: 16 Dekabr 2021 14:11

Bayraqdar.info – “Media haqqında yeni qanun layihəsi yeniliklərlə zəngindir. Burada indiyə qədər mövcud olmuş KİV haqqında qanunvericilikdən fərqlənən bir çox yeni müddəalar mövcuddur”.

Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bayraqdar.info-ya son günlər müzakirəsi gedən “Media haqqında” qanun layihəsini şərh edərkən bildirib.

“Əlbəttə, orada 80-dək maddə var və bunların hamısını indi sadalamaq mümkün deyil. Sadəcə diqqət çəkənlərdən bir neçəsi haqqında məlumat vermək istəyirəm. Bu da ilk növbədə onlayn media sferasının tənzimlənməsidir. Bildiyimiz kimi, 20 ildən çoxdur ki, mövcud olmasına və inkişaf yolu keçməsinə baxmayaraq, hələ də onlayn medianın Azərbaycanda hüquqi tənzimlənməsi, daha doğrusu hüquqi statusunun müəyyənləşdiyi haqqında aydın bir fikir yox idi. İlk dəfədir ki, bu yeni layihədə onlayn medianın anlayışı verilir. Onlayn medianın hüquqi statusu tanınmış olur. İkinci çox mühüm yeniliklərdən biri müstəqil (Freelance – frilans) jurnalistlərin hüquqlarının tanınmasıdır. Bu jurnaistlər Azərbaycanda və dünyada uzun müddətdir ki, de-fakto fəaliyyət göstərir, amma onların statuslarının hüquqi müstəvidə tanınması indiyə qədər mövcud deyil. İlk dəfədir ki, frilans jurnalistlərin de-yure – hüquq baxımından tanınması faktı qeydə alınır”.

M.Ələsgərli bildirir ki, əlbəttə, bu yeni qanun layihəsində bir az fərqli terminlər keçir. Göstərilir ki, xidmət müqavilələri ilə fəaliyyət göstərən və yaxud da ki, sərbəst çalışan jurnalistlər bu beynəlxalq terminologiyada frilans jurnalistlərin qarşılığıdır və onların hüquqlarının tanınması həm yenilikdir, həm də alqışlanmalıdır. Bu da mühüm yeniliklərdən biridir.

“Üçüncü mühüm yenilik medianın vahid reyestr bankının yaradılmasıdır. İndiyə qədər də Azərbaycanda medianın reyestri olub. Çap, onlayn media qurumlarının, eyni zamanda elektron media qurumlarının. Amma bunlar pərakəndə şəkildə olub. Məsələn, Azərbaycanda indiyə qədər çap media qurumlarının uçotu Ədliyyə Nazirliyində, onlayn media qurumlarının uçotu vergi xidmətlərində, elektron medianın isə Milli Teleradio Şurasında aparılıb. Gördüyümüz kimi, pərakəndəlik var. İlk dəfədir ki, bütün sahələri əhatə edən media qurumlarının vahid reyestri tərtib ediləcək. Bu da ölkədəki KİV qurumları və jurnalistlərin statistikası barədə, statusu barədə və s. əhatəsi barədə dolğun, düzgün informasiyaya malik olmağı təmin edəcək. Beləliklə, biz qanundakı yenilikləri çox sayda sadalaya bilərik.

“Mənim diqqətimi çəkən mühüm məqamlardan biri medianın fəaliyyətini tənzimləyən bütün hüquqi müddəaların vahid bir səbətdə birləşdirilməsidir. Bunu da mühüm bir yenilik kimi qeyd etmək istəyirəm. İndiyə qədər orta hesabla Azərbaycanda media və informasiya dövriyyəsini tənzimləyən təqribən 8-ə yaxın təməl qanun olub. Məsələn, “KİV haqqında”, “Televiziya və radio yayımı haqqında”, əlavə olaraq “İctimai televiziya və radio yayımı haqqında”, “Məlumat azadlığı haqqında” qanun. Yəni çoxsaylı qanunlar olub. Eyni zamanda, mediaya dolayısı ilə aid olan qanunlar var. Məsələn, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Müəllif hüquqları və əqli mülkiyyətin qorunması haqqında” qanun və s. Bunlar da dolayısı ilə media fəaliyyətinə aidiyyəti olan qanunlardır. Beləliklə, ölkədə media fəaliyyətinə aidiyyəti olan 15-dən yuxarı qanun var. Onlardan 8-i birbaşa, 7-si isə dolayısı ilə aidiyyəti olan qanunlardır. İlk dəfədir ki, Azərbaycanda bu qanunlar vahid bir səbət, bir məcəllə halında birləşdirilir. Yeni qanun layihəsi həm audiovizual, həm çap mediasının, həm informasiya agentliklərinin, həm də onlayn medianın fəaliyyətini tənzimləmiş olacaq. Bu pərakəndəliyin aradan qaldırılması əslində, müsbət bir haldır. O baxımdan bəzən olurdu ku, qanunlar arasında müəyyən boşluqlar və bir-biriylə təzad təşkil edən hallar da olurdu. Misal olaraq, bir nümunə gətirim: Azərbaycan Konstitusiyası, eyni zamanda “KİV haqqında” qanunun 7-ci maddəsində göstərilirdi ki, Azərbaycanda senzura yolverilməzdir. Amma “Hərbi vəiyyət haqqında” qanunun bir müddəasında göstərilirdi ki, hərbi vəziyyət dövründə, fövqəladə vəziyyət zamanı müəyyən senzura halları tətbiq oluna bilər. Göründüyü kimi, ortada bir təzad var idi və bu, neqativə doğru təzad idi. İndi qanunun ümumiləşdirilib vahid sənədin tərtib olunması imkan verəcək ki, ortadakı boşluq və təzadlar aradan qaldırılmış olsun. Azərbaycanda medianın fəaliyyətini tənzimləyən mükəmməl bir qanunvericilik olsun. Bütün bunlar müsbət hallardır”.

MŞ sədrinin müavini onu da bildirir ki, eyni zamanda yeni layihədə müəyyən anlaşılmaz maddələr də mövcuddur. Hesab edirik ki, bu anlaşılmaz maddələrin izahatı verilməlidir. Bunlar aradan qaldırılmalıdır. Bu cür maddələr də kifayət qədər çoxdur: “Bu baxımdan, yaxşı haldır ki, həm MEDİA, həm də Milli Məclis media ictimaiyyəti ilə bu yeni qanun layihəsinin müzakirəsini keçirdi. Sonuncu olaraq biz dekabrın 10-da jurnalist təşkilatı olaraq MM-in müzakirəsində iştirak etdik. Orada bizim üçün ziddiyyətli görünən maddələri sadaladıq və belə təkliflərin sayı çox oldu. Biz belə boşluqların aradan qaldırılmasını təklif etdik. Ümid edirik ki, növbəti müzakirələrdə bu boşluqların aradan qaldırılmasına şərait yaradılacaq, həmin qeydlər nəzərə alınacaq. İndilik növbəti müzakirələri gözləyirik. Həmin müzakirələrdən sonra təkliflərimizin nə dərəcədə nəzərə alındığını görmüş olacağıq”.

Yeri gəlmişkən, media haqqında yeni qanun layihəsilə Milli Məclisin saytında tanış olmaq mümkündür.

Mission News Theme by Compete Themes.