Press "Enter" to skip to content

Baş Prokurorluq istintaqı nəzarətinə götürdü və mediaya xəbərdalıq etdi

Baş Prokurorluq

Son yeniləmə: 18 Dekabr 2021 13:42

Bayraqdar.info – Baş Prokurorluğun dekabrın 18-də yaydığı məlumatda bildirilir ki, 2017-ci ilin may-iyun aylarında Müdafiə Nazirliyinin Tərtər, Ağdam və Beyləqan rayonlarındakı hərbi hissələrində bir qrup hərbi qulluqçunun cinayət törətməsi faktı ilə bağlı Hərbi Prokurolurqda cinayət işi açılmışdı. Qrup üzvlərinin hərbi hissələrdə qanunsuz olaraq şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq edərək işgəncələrə məruz qoymaları ilə bağlı əsaslı şübhələr var idi. Bu işgəncə və qeyri-insani, ləyaqəti alçaldan rəftar zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olmuşdu.

Məlumatda deyilir ki, həmin faktlarla bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq 19 nəfər təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb. Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib və məhkəmələrin ittiham hökmləri ilə onlar müxtəlif cəzalara məhkum ediliblər.

Daha sonra qeyd edilir ki, zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi və nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq Baş prokurorun sərəncamı ilə İşçi qrup yaradılıb. Qeyd olunan cinayət işləri Respublika Hərbi Prokurorluğundan tələb edilərək ətraflı surətdə öyrənilib. İşin tam, hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması, cinayətlərdən ziyan çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə 2021-ci il dekabrın 16 -da Baş Prokurorluqda cinayət işlərinin icraatının təzələnməsi haqqında qərar qəbul edilib.

“Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb. Prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılıb. Hazırda müvafiq istintaq-əməliyyat planları əsasında kompleks tədbirlər həyata keçirilir və istintaqın gedişi barədə ölkə ictimaiyyətinə əlavə məlumat veriləcək.

“Bununla yanaşı, media nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməzdir. Bu hərəkət cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır. Habelə, istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.