Press "Enter" to skip to content

Türkiyə üçün tarixi gün – Türksat 5B üçün geri sayım başladı – YENİLƏNİB

Son yeniləmə: 19 Dekabr 2021 10:41

Bayraqdar.info – Dekabrın 19-u qardaş Türkiyə üçün tarixi gündür. Belə ki, Türksat 5B peykinin dekabrın 19-da yerli vaxtla səhər saat 06:58-də (Bakı vaxtı ilə 07:58) orbitə göndərilməsi ilə Türkiyənin məlumat ötürmə qabiliyyəti daha da artacaq.

Bir müddət öncə isə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla Tesla və SpaceX şirkətinin qurucusu Elon Mask arasında videokonfrans vasitəsilə bağlantı qurulub. Söhbət zamanı yeni nəsil rabitə peyki Türksat 5B ilə bağlı məsələlərə toxunulub.

Bu arada Türkiyənin sayca 8-ci peyki olan Türksat 5B-nin haradan orbitə buraxılacağına dair Türkiyə mediasında məlumatlar dərc olunub. Milliyet-in məlumatında qeyd edilib ki, Türksat 5B peyki SpaceX şirkətinin Falcon 9 raketi ilə ABŞ-ın Florida ştatındakı bazadan orbitə buraxılacaq.

Xatırladaq ki, qardaş Türkiyə bu ilin yanvarında da Türksat 5A peykini kosmosa çıxarıb. Beləliklə, Tükrsat 5B-nin orbitə buraxılması ilə Türkiyə kosmosa ildə iki peyk buraxan nadir ölkələrdən biri olacaq.

O da vurğulanır ki, Türksat 5B-nin buraxılması ilə kosmosda peyk sahibi olan 30 ölkədən biri olan Türkiyənin məlumat ötürmə qabiliyyəti 15 dəfə artacaq.

Türksat 5B peyki Fars körfəzi, Qırmızı dəniz, Aralıq dənizi, Şimali və Şərqi Afrika, Nigeriya, Cənubi Afrika və yaxın qonşuları daxil olmaqla, bütün Yaxın Şərqin geniş əhatə dairəsində xidmət göstərəcək.

Anadolu Ajansı-nın məlumatına görə, Türksat 5B-nin manevr ömrünün 35 ildən çox olacağı gözlənilir. Yeri gəlmişkən, Türksat 5B peykinin kosmosa buraxılacağı ABŞ-dakı Cape Canaveral Bazasındakı Space X peykinin buraxılış komanda idarəetmə mərkəzi qarşısında keçirilən iclasda Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan çıxış edib. Sayan Türksat 5B peyki üçün son yoxlamaları etdiklərini və geri sayımın başladığını bildirib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu isə dünən dekabrın 18-də bu tarixi günlə bağlı sosial şəbəkə hesabından iki paylaşım edib. Birinci paylaşımda “İkinci peykimiz bir il ərzində orbitə buraxılmağa hazırdır! Milli qürurumuz” sözləri və #Turksat5B həştəgi öz əksini tapıb.

İkinci paylaşımda isə “İz buraxmaya hazırıqmı” sözləri yazılıb, həmçinin #Turksat5B həştəqi ilə peykin orbitə buraxılacağı saat (06:58) öz əksini tapıb.

Zəruri əlavə: Qeyd edək ki, Türksat 5B deyilən vaxtda orbitə buraxılıb. Türkiyə Cümhurbaşqanı bu tarixi hadisə ilə əlaqədar sosial şəbəkədə paylaşım edib: “Kosmosdakı səkkizinci aktiv peykimiz olacaq Türksat 5B ölkəmizə 53 il xidmət etmək üçün 42 dərəcə şərq orbitində kosmos səyahətinə başlayır. Uğurlar”.

 

Mission News Theme by Compete Themes.