Press "Enter" to skip to content

“Uğurlarımızla 2022-yə” mükafatları təqdim olunub

Bayraqdar.info – Bakı Gənclər Mərkəzində Nizami Gəncəvi ilinə həsr olunmuş sərgi və “Uğurlarımızla 2022-yə” layihəsinin təqdimat mərasimi keçirilib.

Bu barədə bayraqdar.info-ya layihə rəhbəri Elnurə İsgəndərova məlumat verib.

Bildirilib ki, Yasamal rayon Heydər Əliyev Mərkəzi, Abşeron Gənclərin İnkişafı İctimai Birliyi, qardaş Türkiyənin İyilik Üretenler Dərnəyi, “E Media” Qrup, Lənbəran Müəssisəsi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində il ərzində müxtəlif sahələrdə nailiyyətlər qazanmış şəxslərin təltif olunması ilə yanaşı dahi Nizami Gəncəvi irsinin təbliğ edilməsi də həyata keçirilir.

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Rada xanım Aygün və Elnurə İsgəndərovalarla birlikdə

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin oxunması ilə başlayan tədbiri giriş sözü ilə layihə rəhbəri E.İsgəndərova açıb. O, layihənin keçirilmə məqsədindən danışıb və il ərzində öz sahələrində uğur qazananların mükafatlandırılacağını deyib.

Daha sonra Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, millət vəkili Vüqar İsgəndərov, xeyriyyəçi iş adamı Mədət Abdullayev, “E Media”nın rəhbəri Elşən Əliyev, Qarabağ qazisi Elmar Hüseynov, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Rada xanım, Əməkdar artist Səlim Abbasov çıxış ediblər. Natiqlər “Uğurlarımızla 2022-yə” mükafatını qazananları təbrik edərək, layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Qardaş ölkə Türkiyənin İyilik Üretenler Dərnəyinin başqanı Ahmet Yavuz Uşaqlıoğlu tədbir iştirakçılarına videomüraciətində qeyd edib ki, layihə çərçivəsində Suraxanı və Xətai rayonunda bərpa prosesi keçən Vətən müharibəsi əlilləri ziyarət olunub, onlara dərnək tərəfindən hədiyyələr və”Onur belgesi” təqdim olunub.

Millət vəkili Vüqar İskəndərov Nadir Azəriyə mükafatı təqdim edərkən

Çıxışlarda həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbədən sonra ölkəmizə marağın daha da artdığı, respublikamızın dünyanın diqqət mərkəzində olduğu qeyd edilib. Azərbaycanda bütün sahələr kimi media, mədəniyyət və incəsənətin də böyük inkişaf mərhələsində olduğu, dövlətin bu istiqamətdə ciddi dəstək göstərdiyi xüsusi vurğulanıb.

Tədbirdə çərçivəsində, eyni zamanda gənc rəssamların böyük mütəfəkkir Nizami Gəncəvi yaradıcılığına həsr etdikləri rəsm əsərləri nümayiş olunub. Müxtəlif janrlarda işlənmiş əsərlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlar gənc rəssamların yaradıcılığını yüksək qiymətləndiriblər.

Tədbirin sonunda il ərzində müxtəlif sahələrdə diqqətəlayiq uğurlar qazanmış şəxslər diplom və fəxri mükafatlarla təltif ediliblər. Qeyd edək ki, mükafatlandırılanlar arasında bayraqdar.info-nun baş redaktor müavini Nadir Azəri də var.

Mission News Theme by Compete Themes.