Press "Enter" to skip to content

Bu gecə qaraqış, yəni böyük çillə başlayır

Bəhmən Faziloğlu

Son yeniləmə: 21 Dekabr 2021 22:56

Bu gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə olacaq

Bəhmən Faziloğlu – AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent

Xalq təqviminə görə, qış fəsli dekabrın 22-dən martın 22-dək davam edir. 40 gün böyük çillə, 20 gün kiçik çillədən və 30 gün isə boz aydan ibarətdir.

Dekabrın 21-də, saat 19.59-da qış fəsli Azərbaycana qədəm qoyub. Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

Bu gecə yarısı Günəş qış gündönümündə (22 dekabr) zodiakın ən dərin guşəsinə – Oğlaq (Təkə) bürcünə girir. Həmin vaxt ilin ən uzun gecəsidir. Bu gecənin uzunluğu 14 saat olur. Bununla da “Böyük çillə”, el arasında “Qaraqış” deyilən dövr başlayır… Həmin gecəyə “çillə gecəsi”, “şəbi-yelda”, “leylət-təvil” (ilin ən uzun və qaranlıq gecəsi) də deyilir.

Xatırladaq ki, payız gecə-gündüz bərabərliyindən (23 sentyabr) sonra Günəş tədricən taqətdən düşür (çünki cənub yarımkürəsinə keçir), sanki dərinliyə enir, uzaqlara çəkilir. Dekabrın 22-nə qədər gündüzlər qısalır, gecələr uzanır.

Sibirdə, Qazaxıstanda elə indi də 21 dekabr Böyük Karatün gecəsi, 22 dekabr isə Nurtuğan bayramının başlanğıcı sayılır. Böyük Karatün gecəsi Böyük Qara Zülmət mənasına gəlir. Bu gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə olması (hər il təxminən belə olur) Böyük Karatünün anlamını izah eləməyə imkan verir.

Dekabrin 22-dən isə gecələrin uzanması yerini gündüzlərin uzanmasına verir, şimal yarımkürəsində qış başlayır… “Çillə gecəsi”ndən sonra, günəş tədricən üfüqdən yuxarı qalxır, yeniləşmiş vəziyyətə gəlir…

Qış gündönümü dekabrın 21-dən 22-nə keçən gecə baş verir, astronomik illik dövr başa çatır.

“Böyük çillə” qışın başlanğıc günündən, yəni dekabrın 22-dən fevralın 1-2-dək olan qırx günlük vaxtdır. Bu müddət isə hər biri 7 gündən ibarət 4 balaca çilləyə, başqa sözlə, çilləbeçəyə bölünür…

Tarixən müxtəlif inanclar, inamlarla zənginləşsə də gecə-gündüz bərabərləşməsindən, Günəşin Oğlaq bürcünə daxil olmasından və s. aydın görünür ki, bu, astronomik, təbiət prosesləri ilə bağlıdır…

Yusif Vəzir Çəmənzəminli yazırdı: “Böyük çillə – 22 dekabr-2 fevral (40 gün) qışın oğlan çağı (kişilik vaxtı, sərt vaxtı) adlanır və kişilərin bayramı hesab edilir. 2-22 fevral isə kiçik çillə, yəni qadınlar bayramıdır”.

Yer kürəsinin şimal yarımkürəsində yerləşən Azərbaycanda qədimdən çillə gecəsi, yəni Qaraqışın başladığı gün süfrələr açılar, qohum-əqrəba toplaşar, payını paylaşar, kasıbları, yetimləri sevindirər, bir-birinə qarşı mehriban, səbrli olmağa çalışardı.

Səhəngdə saxlanılan “Çillə qarpızı” kəsilər, nişanlı qıza pay verilər, ilin ən uzun gecəsində nağıllar, dastanlar söyləyərdilər.

Qarşıdan gələn uzun qışı sağ-salamat başa vurmaq, yeni əkin-biçinə, qurub-yaratmağa hazırlaşmaq, xoş niyyət və arzuların həyata keçməsi üçün ata-babalarımız mənəvi-maddi baxımdan səfərbər olunardılar…

Sözardı: Qədim bayramların, mərasimlərin keçirilməsində astronomik proseslər, coğrafi enlik, coğrafi uzunluq, iqlim, coğrafi şərait, təsərrüfat həyatı əsas yerdə durur. Bayramların adlandırılması isə sonrakı və subyektiv məsələlərdir. Bayramların, əlamətdar günlərin fars və ya ərəbcə adlandırılması orta əsr saraylarından qaynaqlanır. Bu gün isə öz dilimizdə olan bayram adlarının, məsələn, Qaraqış, Yalquzaq, Qırovdüşən və s. unudulması və ya unutdurulması növbəti səhvlərdən biridir. Heç olmasa, böyük çillə deyəndə Qaraqışı da xatırladın, kiçik çillə söyləyəndə Yalquzaq da deyin.

Qeyd: Sosial mediada paylaşılmış yazı müəllifin izni ilə yayımlanır.

Mission News Theme by Compete Themes.