Press "Enter" to skip to content

“İRƏLİ” hesabat verdi

Son yeniləmə: 23 Dekabr 2021 15:16

Bayraqdar.info – Dekabrın 22-də “İrəli” İctimai Birliyi 2021-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunan hesabat konfransı keçirib. Konfransda 2008-ci il dekabrın 24-də – Prezident İlham Əliyevin doğum günündə təsis olunan İctimai Birliyin ötən müddətdə keçdiyi uğurlu inkişaf yoluna da nəzər salınıb.

Qurumdan bayraqdar.info-ya dekabrın 23-də verilən məlumata görə, tədbirdən əvvəl “İrəli” İctimai Birliyinin üzvləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Hesabat konfransında Ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anadan olmasının 60 illiyi münasibətilə “İrəli” İctimai Birliyi tərəfindən Müzəffər Ali Baş Komandana təbrik məktubu oxunub.

Məktubda qeyd olunub: “Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə yüksək vətənpərvərlik ruhunda yetişən gənclər Ali Baş Komandan kimi Sizin rəşadət və qətiyyətinizə arxalanaraq 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək, qazi və şəhidlik adını özlərinə şərəf bildilər. “İrəli” İctimai Birliyi olaraq, bütün Azərbaycan gəncləri adından bəyan edirik ki, həmişə olduğu kimi, azad edilmiş torpaqların bərpası prosesində də Sizin ətrafınızda sıx birləşmişik və gələcək zəfərlərə gedən yolda əmrinizə müntəzirik”.

Sonra “İrəli” İctimai Birliyinin cari ildəki fəaliyyətinə dair təqdimat konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı hesabat məruzəsi ilə çıxış edərək cari ilin təşkilat üçün əvvəlki illərlə müqayisədə kifayət qədər məhsuldar olduğunu deyib.

Ş.Rəhmanlı qeyd edib ki, həyata keçirilən layihələr çərçivəsində 13 min 236 nəfərin müraciətinə baxılıb, 7 minə yaxın gənc layihələrdə iştirak hüququ qazanıb, 15 gəncin beynəlxalq layihələrə çıxışı təmin olunub. Əlamətdar günlər münasibətilə 27 tədbir keçirilib, 1300-dən çox gənc görüşlərdən yararlanıb.

Ş.Rəhmanlı təşkilatın hər zaman dövlət gənclər siyasətinin əsas prinsiplərini rəhbər tutduğunu və fəaliyyətini bu istiqamətdə qurduğunu diqqətə çatdırıb. O bildirib ki, İctimai Birliyin üzvləri Prezident İlham Əliyevin gənclərə inam və etimadından daha da ruhlanaraq bundan sonra da əzmlə çalışacaqlar.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov təbrik nitqi ilə çıxış ediblər.

Konfransın yekununda İctimai Birliyin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurumlar təltif olunublar.

Mission News Theme by Compete Themes.