Press "Enter" to skip to content

Qazaxıstanda “Şərqin Ulduzları” adlı beynəlxalq konfrans keçirilib

Son yeniləmə: 24 Dekabr 2021 15:59

Bayraqdar.info – Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyası tərəfindən “Şərqin Ulduzları” adlı konfrans keçirilib.

Beynəlxalq Türk Akademiyasından bayraqdar.info-ya verilən xəbərə görə konfrans türk xalq ədəbiyyatının klassikləri – Nizami Gəncəvinin 880 və Əlişir Nəvainin 580 illik yubileyi, Yunus Emrenin vəfatının 700-cü ildönümü münasibətilə təşkil edilib.

Qazaxıstanın Milli Akademik Kitabxanasında keçirilən konfransda Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Qazaxıstan parlamentinin deputatları, Azərbaycan və Qırğızıstanın bu ölkədəki səfirlər, diplomatik missiyaların nümayəndələri, tanınmış şairlər, ictimai-siyasi xadimlər, alim və ziyalılar iştirak ediblər.

Tədbir çərçivəsində Nizami Gəncəvi, Əlişir Nəvai və Yunus Emrenin Akademiya tərəfindən nəşr olunan kitablarının təqdimatı keçirilib. Nizami Gəncəvinin məşhur “Yeddi gözəl” və “Leyli-Məcnun” dastanları Tair Jarokov, Qasım Amanjolov, Jakan Sızdıkov, Dixan Əbilov, Taken Alimkulov kimi qazax xalqının görkəmli şairlərinin tərcümələri ilə tam şəkildə nəşr edilib. Unikal nəşrdə Azərbaycanın tanınmış rəssamı Fəxrəddin Əli Vəlioğlunun Nizaminin əzərlərinə çəkdiyi illüstrasiyalar da yer alıb.

Bundan əlavə, Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə görkəmli türk şairi Yunus Emrenin əsərləri ilk dəfə ayrıca şəklində qazax şairi Svetkali Nurjanın bədii tərcümə variantında nəşr olunub. Həmçinin, Türk Akademiyası Əlişir Nəvainin Azərbaycan dilinə tərcümə edilmiş şerlər toplusunu çap edib. Əsərlərin Azərbaycan dilinə tərcüməsini azərbaycanlı alim, professor Ramiz Əsgərov həyata keçirib.

Bundan başqa, Akademiyanın dəstəyi ilə ilk dəfə olaraq Əlişir Nəvainin “Mühəkəmətu-l-lüğətəyn” əsəri qazax dilinə tərcümə olunub və nəşr edilib.

Tədbir çərçivəsində türk dünyasında mədəni-ədəbi əlaqələrin möhkəmlənməsində xidmətlərinə görə humanitar sahənin nümayəndələri mükafatlandırılıb. Məhəmməd-Əli Əhmədov, Nesipbek Aytulı, Ramiz Əsgərov, Svetkali Nurcan Türk Akademiyasının “Əlişir Nəvai” qızıl medalına layiq görülüblər. Törəli Kıdıra isə Akademiyanın gümüş medalı təqdim edilib.

Mission News Theme by Compete Themes.