Press "Enter" to skip to content

Qızıl, gümüş və adi paketli icbari tibbi sığorta – ÖZƏL

İlham Məmmədov

Son yeniləmə: 30 Dekabr 2021 20:57

Bayraqdar.info – Əksər xarici ölkələrdə artıq uzun müddətdir ki, tətbiq olunan icbari tibbi sığortanın Azərbaycanda da həyata keçirilməsi məqsədilə hələ 1999-cu ildə “Tibbi sığorta haqqında” Qanun qəbul olunub. Bu məqsədlə 2007-ci ildə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də yaradılıb və 2016-cı ilin dekabrında onun strukturu təsdiq edilib. 2008-ci ildə isə “Tibbi sığorta haqqında” Qanuna müəyyən əlavə və dəyişikliklər olunub və son vaxtlarda onun tətbiqi istiqamətində daha aktiv addımlar atıldığının şahidi oluruq. İcbari və könüllü şəkildə həyata keçirilən icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla bərabər, həm də əhalinin uyğun həcmdə tibbi və dərman yardımı almasına təminat verən sığorta növüdür.

Əhali 1 min 800-dən çox tibbi xidmətdən istifadə edə biləcək

Agentlikdən verilən məlumata görə, bu sığorta növü ilə, eyni zamanda, həkimlərin xəstələrə yazdığı müalicəyə üçüncü tərəf də nəzarət etmiş olur. Belə ki, həkimin yazdığı müalicə və dərmanlar barədə məlumat icbari tibbi sığorta agentliyinə çatdırılır. İcbari tibbi sığorta vasitəsilə tibb müəssisəsinə gedən şəxs tibbi sığorta kartını təqdim etməklə həmin paketə daxil olan bütün xidmətləri pulsuz əldə edə bilir. İcbari tibbi sığortaya ilkin səhiyyə, ambulator, laborator, stasionar müayinə-müalicə təminatı, dəyəri yüksək, həyati vacib əməliyyatlar ilə əhatə olunan 1 min 800-dən çox xidmət daxildir.

Agentlikdən o da qeyd edilib ki, Azərbaycanda isə isə bu sığorta növü müvafiq fonda müəyyən sığorta haqqı köçürülməklə maliyyələşir. Konkret olaraq, çalışan insanlar öz maaşlarından, şirkətlər işçilərinin adına, müvafiq dövlət qurumları isə çalışmayan şəxslər, yəni təqaüdçülər, uşaqlar və işsizlər üçün fonda ödənişlər etməlidirlər. Bir çoxları bu sistemi, adətən, pensiya fondu ilə müqayisə edirlər. İcbari tibbi sığorta haqqının birbaşa olaraq tibb işçilərinə təqdim edilməsi isə qadağandır. İcbari tibbi sığortanın əhəmiyyəti işəgötürən müəssisənin icbari tibbi sığorta ayırmalarının sərfəli xərclənməsində, işçinin çox xəstələnməməsində, işçi xəstələndikdə də onun çox qısa vaxt ərzində müalicə olunması və işə geri qayıtmasında maraqlı olmasıdır. İcbari tibbi sığorta agentliyi xəstə olan şəxsin əlavə müayinələrə cəlb olunmamasına, onun reseptində əlavə dərmanların yazılmamasına, müalicə müddətinin həddindən artıq uzadılmamasına, bir sözlə, əlavə vəsaitlərin xərclənməməsinə cəhd göstərir. Səhiyyə müəssisəsi isə keyfiyyətli tibbi xidmət göstərməklə onunla yenidən müqavilə bağlanmasına çalışır. Nəticədə isə, bu sistemin tətbiqində tərəflərin hər biri maraqlı olaraq fayda götürməyə səy göstərir.

İnsanlar hansı xəstəxananın keyfiyyətsiz xidmət göstərdiyini biləcək

İcbari tibbi sığorta

“İcbari tibbi sığorta sistemində az vəsait ödəməklə keyfiyyətli xidmət alan hər hansı şəxsin lazımsız müayinələrdən keçməsinə də ehtiyac qalmır, ona əlavə dərmanlar yazılmır. Bu xidmətin tətbiqi səhiyyə müəssisələri ilə pasiyentlər arasında “xidmət haqqı” münasibətlərini də tənzimləyir, tibb müəssisələri yalnızca göstərdikləri xidmətlər müqabilində sığorta şirkətləri tərəfindən ödənilən haqlarını alırlar. İcbari tibbi sığortanın mühüm cəhətlərindən biri də nəinki ölkə vətəndaşlarının, həmçinin müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də bu imkandan faydalana bilmələridir.

“İcbari tibbi sığorta sayəsində pasiyentlər yaxşı xidmət göstərməyən tibb müəssisələrini daha yaxşı tanıyacaq və həmin tibb müəssisələrinə gələn pasiyentlərin sayı azalacaq. Bu da öz növbəsində əhalinin sağlamlıq durumunun yaxşılaşmasına ciddi təsir göstərəcək.

Maliyyələşmə dövlət büdcəsi, işəgötürənlər və işçilərin ödənişindən olacaq

“Azərbaycanda icbari tibbi sığorta sisteminin üç mənbədən maliyyələşdirilməsi nəzərdə tutulur: dövlət büdcəsi, işəgötürənlər və işçilərin ödənişləri. Dövlət əhalinin müəyyən qisminin icbari tibbi sığortasını təmin edəcək ki, bu qruplara uşaqlar, pensiyaçılar, əlillər və işləməyən şəxslər daxildir. İşləyən şəxslər isə özlərini, hətta ailə üzvlərini də tibbi sığortalaya biləcəklər. İcbari tibbi sığorta müxtəlif paketlər şəklində tətbiq edilir: qızıl, gümüş və adi. Bütün paketlərdə minimum tibbi xidmətlər əhatə olunur. Gümüş paketə bahalı xidmətlər, qızıl paketə isə bütün tibbi xidmətlər daxildir. Qızıl paketdən yalnız müqavilə bağlayan, işləyən vətəndaşın özü deyil, onun ailə üzvləri də faydalana bilərlər. İcbari tibbi sığortanın tətbiqi zamanı hansı paketlərdən istifadə ediləcəyi isə vətəndaşın istəyindən, eyni zamanda, onun adından müqavilə bağlayan icbari tibbi sığorta şirkətinin tibb müəssisəsi ilə bağlayacağı müqavilələrdən, icbari tibbi sığorta xidmətinin göstəriləcəyi şərtlərdən və ayırmalardan asılı olacaq. İcbari tibbi sığortanın əhəmiyyəti nəzərə alınaraq 2020-ci ilin iyun ayında ölkəmizdə ilk dəfə beynəlxalq tibbi sığorta məhsulunun təqdimatı da keçirilib.

Ağdaş, Mingəçevir, Yevlax və Sədərəkdə pilot layihələr baş tutub

İcbari tibbi sığorta

“İcbari tibbi sığorta 4 rayonda – Ağdaş, Mingəçevir və Yevlax rayonlarının inzibati ərazilərində, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda artıq pilot layihə kimi həyata keçirilib və bu, bütün ölkə ərazisində tətbiq olunacaq”.

İcbari tibbi sığortanın ölkə ərazisində geniş tətbiqi məsələsinə toxunan deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov bayraqdar.info-nun əməkdaşı ilə söhbətində bəzi nüanslara aydınlıq gətirib.

“Əslində bu, çox böyük bir işdir. Bizim əhaliyə demək istədiyimiz ondan ibarətdir ki, tibbi sığortanın ölkədə tətbiqi inkişaf etmiş ölkələrin özündə belə böyük problemlərlə üzləşir. Proses heç də tam şəkildə başa çatmayıb. Bildiyiniz kimi, ABŞ-ın ən böyük problemi tibbi sığortanın tətbiqidir. Yəni, hər yeni prezident seçkisi zamanı namizədlər kampaniyada daha çox səs toplamaq üçün məhz tibbi sığorta məsələsinin tətbiqini ortaya atırlar. Bununla səs toplaya bilirlər. Təbii ki, ibbi sığortanın ölkə üzrə tətbiqi 2020-ci ildə bütün ölkə üzrə yayılmalı idi. Lakin mövcud pandemiya şəraiti buna imkan vermədi. Bu gün tibbi sığortadan faydalanana insanların sayı 3 milyondan çoxdur. Yəni insanlarımız pulsuz və əlçatan bir şəraitdə 1 min 800 adda tibbi xidmət ala biləcəklər. Tibbi xidmətlərin əlçatan olması üçün Agentlik tərəfindən bu yaxınlarda yeni məlumat da yayıldı. Bu günlərdə daha bir qərar qəbul edildi ki, Azərbaycan vətəndaşları istədikləri xəstəxanda ambulator tibb xidmət ala bilərlər. Göndərişdən tutmuş, daha yaxın məsafədə, elə evin içində tibbi xidmətləri almağa tibbi xidmətin əlçatanlığı deyilir. Tutaq ki, Yevlax sakini müalicəsini Bakıda, ya Gəncədə davam etdirmək istəyirsə, o, göndəriş olmadan belə müalicəsini davam etdirə bilər. Eyni zamanda, əgər o müalicə dövlət tibbi müəssisəsində yoxdursa, onda özəl tibb müəssisəsində alması üçün göndəriş əvvəlcə Agnetliyə, oradan TƏBİB-ə yönəldiləcək və məsələ həllini tapacaq”.

İ.Məmmədov bildirir ki, bu modelin ölkədə tam tətbiqinin ən vacib elemenlərindən biri də kommunikasiyaların yaradılmasıdır. Kağız daşıyıcılarından xilas olmaq vacib məsələlərdən biridir. Azərbaycanın hər yerində elektronlaşdırılmış tibbi inteqrasiyanın olması hər bir vətəndaş haqqında tibbi bilikləri əldə etməyə imkan verəcək. Elektron bazanın yaradılması üçün də böyük işlər görülür: “Ümumiyyətlə, belə hesb edirəm ki, inkişaf etmiş ölkələrdə belə tibbi sığortaya əlçatanlığı tam təmin edə bilməyiblər. Məsələn, qardaş Türkiyədə bu problem hələ tam həll edilməyib. 15 ildir ki, bu yol gedilir. Elə ölkələr var ki, hələ normal bir yol tapa bilməyib. Bazar iqtisadiyyatı şəraitində dünyanın heç bir yerində tibbi xidmət dövlətin üzərində deyil. Orada səhiyyə naziri strateji məsələləri müəyyənləşdirir. Bəzi ölkələrin 20 ilə getdiyi yolu biz daha sürətlə gedirik.

“Yevlaxda 80 yaşlı insanı sığorta xətti ilə əməliyyat etdilər”

İcbari tibbi sığorta

“Mənim təmsil olunduğum bölgədə bu gün 100-lərlə insan pulsuz olaraq ürək əməliyyatları keçirib həyata qayıdıblar. Hansı ki, o əməliyyatların qiyməti özəl tibb müəssisələrində 10 min manatdan aşağı deyil. Məsələn, Yevlax Şəhər Xəstəxanasında 80 yaşlı insanı əməliyyat etdilər, o qədər yüksək keyfiyyətlə əməliyyat etdilər ki, mən şəxsən bunun şahidiyəm. Bunu bütün yevlaxlılar bilir.

“Tibbi sığortanın uğurla inkişaf etdirilməsi üçün onun maddi-texniki bazasının, müasir texnologiyalara malik tibbi avadanlıqların alınıb gətirilməsi, proqram təminatı üçün səhiyyənin büdcəsi bu il görünməmiş bir səviyyəyə qalxıb. Ona görə də bu sahə bizim sosial həyatımızın ən vacib sahəsidir. İnsan xəstələnəndə ona külli miqdarda vəsait xərcləyir, ya sağlamlığını itirir, sağlamlığını bərpa etmək üçün əlavə vəsait tapır, ondan sonra ya sağalır, və ya da əlil qalır. Tibbi sığortada isə pulsuz olaraq hər bir insan istədiyi vaxt ailə sağlamlıq mərkəzləri, ailə həkimləri vasitəsilə istdiyi qədər müayinələrdən keçib lazım olan müalicələri ala biləcək. Lazım gələrsə, daha iri maliyyə tutumlu əməliyyatları da pulsuz edə bilər”.

Mission News Theme by Compete Themes.