Press "Enter" to skip to content

Emin Həsənli: Dünya birliyi tərəfindən KKTC-yə qarşı haqsız yanaşmalara son verilməlidir – ÖZƏL

Son yeniləmə: 26 Dekabr 2021 01:56

İstanbulda 58-ci ilində Qanlı Miladı anma tədbiri keçirilib

Bayraqdar.info – İstanbulda 58-ci ilində Qanlı Miladı anma tədbiri keçirilib. Dekabrın 25-də Kadıköy Bələdiyyəsi Kozyatağı Mədəniyyət Mərkəzində “Bu acını unutmadıq, unudulmasına imkan verməyəcəyik” şüarı ilə keçirilən tədbirin fəxri qonağı Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar olub.

KKTC Cümhurbaşqanı Ersin Tatar tədbirdə çıxış edərkən

Bu barədə bayraqdar.info-ya özə olaraq həmin tədbirdə iştirak edən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, tədbirin təşkilatçıları Kıbrıs Türk Kültür Derneyi, Türkiye Emekli Subaylar Derneyi, Türkiye Muharip Gaziler Derneyi, Türkiye Ekemli Astsubaylar Derneyi, Kuleliler Derneyi ve Türkiye Harp Malül Gaziler, Şehit, Dul ve Yetimleri Derneği, həmçinin “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi olub.

Emin Həsənli tədbirdə çıxış edərkən

E.Həsənli deyib ki, bir dəqiqəlik sükutla və İstiqlal Marşının oxunması ilə başlayan tədbirdə Qanlı Milad şəhidlərinin xatirəsi yad edilib: “Tədbirdə çıxış edən KKTC Cümhurbaşqanı Ersin Tatar Kıbrıs davasının böyük, milli bir dava olduğunu dedi. O, 80 min insanın şəhid olması nəticəsində fəth edilən Kıbrısda hazırda bir türk dövlətinin olduğunu bildirdi. Hörmətli E.Tatar bu dövlətin ağır bədəllər ödənərək qurulduğunu gənclərə çatdırmağın vacibliyini vurğuladı”.

E.Həsənli bildirib ki, E.Tatar həmçinin çıxışında bu gün KKTC-yə qarşı dünya düzənində baş verən haqsızlıqdan da danışdı və Avropa İttifaqının Kıbrıs türk xalqına verdiyi sözə əməl etmədiyini dedi.

Tədbirdə E.Həsənli də çıxış edib: “Çıxışımda Azərbaycanın 44 günlük Zəfərinin türk dünyasında yaratdığı coşqudan, Türkiyə-Azərbaycan qardaşlığından, o cümlədən KKTC məsələsindən danışdım. Qeyd etdim ki, hər zaman Kıbrıslı qardaşlarımızın yanındayıq və KKTC-nin dünya tərəfindən tanınmasından başqa bir yol yoxdur. Bir sözlə, dünya birliyi tərəfindən KKTC-yə qarşı haqsız yanaşmalara son verilməlidir. Bildirdim ki, 44 günlük Vətən müharibəsində qardaş Türkiyə hər zaman yanımızda oldu, bizə öz mənəvi-siyasi dəstəyini göstərdi. Kıbrıslı qardaşlarımız da bilsin ki, onların haqlı davasında Türkiyə ilə Azərbaycan hər zaman KKTC-nin yanında olacaq”.

Ersin Tatara xatirə hədiyyəsi təqdim edilir

“Çıxışımda həmçinin bu gün qardaş Türkiyədə cərəyan edən bəzi proseslərə də toxundum. Türkiyə qazilərinə, şəhid ailələrinə, ehtiyada olan zabitlərə müraciət edərək dedim ki, Türkiyə Cümhurbaşqanı Recep Tayyib Erdoğanı dəstəkləmək lazımdı. Çünki bu gün Türkiyəyə qarşı savaş hər sahədə, o cümlədən iqtisadi sahədə də aparılır”, – deyə E.Həsənli əlavə edib.

E.Həsənli deyib ki, çıxışlardan sonra ona xüsusi mükafat təqdim edilib: “Mükafatı mənə KKTC Cümhurbaşqanı Ersin Tatar və Türkiye Emekli Subaylar Derneyinin başqanı Erdoğan Karakuş təqdim etdi. Mən də öz növbəmdə E.Tatara Şuşa qalasının suvenerini və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən kitab hədiyyə etdim”.

 

 

 

Mission News Theme by Compete Themes.