Press "Enter" to skip to content

Maraqlı tarixə malik Teatr – KUKLA TEATRI

Azərbaycan Dövlət Kukla Teatrı

Son yeniləmə: 27 Dekabr 2021 17:56

Bayraqdar.info – Azərbaycanda teatr sənətinin kökləri xalqın yaşayışı, məişəti, şənlik və toy ənənələri ilə bağlıdır. İlk səhnələşdirilmiş “tamaşalar” da elə məhz toylarda meydana çıxıb.

Kukla Teatrı da digər teatrlar kimi xalq yaradıcılığından qaynaqlanıb

Tarixi mənbələrdə göstərilir ki, qədim tarixə malik “Sayaçı”, “Novruz”, “Gəvsəç” kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. “Novruz” mərasiminin mühüm epizodunu təşkil edən “Kosa-kosa” oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor olur. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan “Xan-xan”, “Mütriblərin rəqsi”, “Gəlinlə qayınananın deyişməsi” və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, “Zorxana” səhnələrində, kəndirbazların çıxışlarında meydan teatrı ünsürləri güclü olub.
Qədim dövrlərdə şəhər meydanlarında insanlar toplaşar, böyüklər və uşaqlar üçün göstərilən tamaşalara, təlxək oyunlarına, sirk ustalarının, pəhləvanların göstərilərinə tamaşa edərdilər. Bu göstəriləri təqdim edən aktyor heyəti faytonlarla şəhər-şəhər dolaşaraq insanları əyləndirən tamaşalar göstərərdi. İnsanlar da əvəzində onlara pul ödəyərdi. Bu, çox çətin bir iş idi. O zamanlar hələ bunun adına tamaşa demək olmazdı. Lakin zaman keçdikcə, bu əyləncəli göstərilər get-gedə təkmilləşmə dövrü keçdi. Bu tamaşalarda uşaqlar da unudulmurdu. Çünki, xalq tamaşaları uşaqların maraqla, süvə-sevə baxdığı və yaddaşlarına həkk etdiyi bir sahə idi.

Azərbaycan teatrının tarixi Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanın vəziri” və “Hacı Qara” tamaşalarından başlanır.

Maraqlı tarixə malik Teatr

Biz isə bu yazıda 2020-ci ildə 90 illik yubileyini qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının tarixinə nəzər salacağıq.

Molla Ağa Bəbirli

El arasında Kukla Teatrı kimi tanınan bu möhtəşəm Teatrın əsasını 1931-ci ildə aktyor, rejissor Molla Ağa Bəbirli şəxs qoyub. Bu Teatrın ilk tamaşası “Sirk” adıyla 1932-ci ildə göstərilib. Teatrdan bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, indiki Kukla Teatrının kökləri kilimarası və maral oyunlarından qaynaqlanıb.

Molla Ağa Bəbirli

Kukla Teatrının hal-hazırda yerləşdiyi bina isə vaxtilə polşalı mülki mühəndis İosif Ploşko tərəfindən inşa edilib, «Fenomen» kinoteatrı kimi istifadəyə verilib (1908-1910). Müxtəlif illərdə bu binada kazino, Satirogit Teatrı, Musiqili Komediya Teatrı və Kənd Təsərrüfatı Nailiyyətləri Muzeyi fəaliyyət göstərib. Teatr müxtəlif illərdə (1931- 1941-ci illər); (1946-1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc Tamaşaçılar Teatrı (1941-1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərib. Teatrın Azərbaycan və rus bölmələri var. 1964-ci il aprel ayının 15-də Teatra «Dövlət» statusu verilib. 1975-ci ildən Teatrda böyüklər üçün də tamaşalar göstərilirmiş. Yarandığı gündən bu günəcən Teatrda yüzlərlə tamaşa hazırlanıb. Teatrın kollektivi müxtəlif illərdə Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Hollandiya, Moskva, Sankt-Peterburq, Türkmənistan, Gürcüstan, Arxanqelsk, Krasnodar kimi ölkə və şəhərlərdə, eləcə də Respublikada keçirilən beynəlxalq teatr festivallarında iştirak edib. Kukla Teatrı bir çox festivalların qalibi və laureatı olub. Teatrın repertuarında Ü.Hacıbəyov «Məşədi İbad», Anar «Qaravəlli», H.X.Andersen «Bülbül», A.Şaiq «Tıq-tıq xanım», «Tülkü həccə gedir», M.Seyidzadə «Cırtdan», M.F.Axundov «Parisi dağıdanlar», «Xırs quldurbasan», V.Qauf «Yalançı şahzadə», E.Şayye «Od oğlan», R.Əlizadə «Keçəlin toyu», Ş.Perro «Qırmızı papaq», Min bir gecə nağılları əsasındı «Ələddin», Ə.Səmədli «Cik-cik xanım», K.Ağayeva «Göyçək Fatma», Ə.Abbasov «Şəngülüm, Şüngülüm», rus bölməsi üçün R.Moskova «Keçilər», R.Pilo «Qoğal», A.S.Puşkin «Qızıl xoruz», K.Aslanov «Qızıl almalar» və s. xüsisilə qeyd etmək olar.

Molla Ağa Bəbirli

Tədqiq olunmalı Teatr

Teatrdan bildirilir ki, Azərbaycan milli xalq oyun-tamaşalarının tədqiqata möhtac qollarından biri Kukla Teatrıdır ki, onun da kökləri orta əsrlərdən çox-çox əvvəllərə gedib çıxır. Bu Teatr Azərbaycan milli mədəniyyətinin çox qiymətli sərvətlərindən sayılır. Şərq mədəniyyətinin bilici mütəfəkkirləri İbn Əl Əsr, A.Mokovelski, M.Kolankatvatsi, A.Xodzko, Biruni, S.Marr və onlarca bu qəbildən olan alimlər Azərbaycan xalq oyun-tamaşalarından, teatr elementli mərasim şənliklərdən söhbət açanda Kukla Teatrı mənşəli və xarakterli göstərmələrdən də bəhs ediblər.

Kukla Teatrı – uşaqların sevimli məkanı

Azərbaycan Dövlət Kukla Teatrı

Müxtəlif illərdə Teatrın yaradıcı kollektivinin onlarla üzvləri Respublikanın fəxri adları və Prezident mükafatlarına layiq görülüb. Bu illər ərzində öz yaradıcı əməyi ilə fərqlənmiş rejissorlardan Tamilla Məhərrəmova, Namiq Ağayev, Rəhman Əlizadə, Ələkbər Hüseynov, Qurban Məsimov, Anar Məmmədov, rəssamlardan Solmaz Haqverdiyeva, Solmaz Musayeva, Lətifə Quluzadə, aktyorlarlardan Şahmar Hüseynov, Oqtay Dadaşov, Nadir Zamanov, Şəfiqə Axundova, Həsənağa Hüseynov, Rəhman Rəhmanov və s. xüsusi qeyd olunmalıdır. Hal-hazırda Teatrın yaradıcı kollektivinin əksəriyyətini gənclər təşkil edir. Teatrda əsası xalq oyunları, dastanları, nağılları, dünya klassikləri və müasir dramaturgiyanın üzərində köklənmiş müasir tamaşalar hazırlanır.

Mission News Theme by Compete Themes.