Press "Enter" to skip to content

Vüqar Səfərlinin müsadirə edilən əmlakı – SİYAHI

Vüqar Səfərli

Son yeniləmə: 29 Dekabr 2021 08:54

Bayraqdar.info – Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin müsadirə edilən əmlakının siyahısı məlum olub.

Bayraqdar.info-nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0,1 hektarlıq və 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.

Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik və 291 kv/m-lik bağ evləri, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin “Rabitəbank” ASC-də hesabında olan 300 min manat, həmin bankda oğlunun hesabına olan 500 min manat və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsait müsadirə edilib.

Qeyd edək ki, istintaq dövründə V.Səfərlinin əmlak və bank hesablarının üzərinə həbs qoyulmuşdu. Bildirilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Mission News Theme by Compete Themes.