Press "Enter" to skip to content

Veteran adı və Prezident təqaüdü

Son yeniləmə: 29 Dekabr 2021 19:36

Bayraqdar.info – İkinci Qarabağ müharibəsi iştirakçılarına veteran adı və Prezident təqaüdü veriləcək.

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezidentin Mətbuat xidmətinin yaydığı Sərəncamda bildiirlir ki, Nazirlər Kabinetinə bir ay müddətində “Veteranlar haqqında” qanuna uyğun olaraq nəzərdə tutulmuş şəxslərin kateqoriyalarının müəyyənləşdirilməsini təmin etmək tapşırılıb.

Sərəncamda deyilir ki, müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Sərəncamda nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən etməlidirlər. Daha sonra həmin siyahı NK ilə razılaşdırmaqla onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin etməlidirlər.

“Həmçinin, Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti Sərəncamda nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən edib Nazirlər Kabineti ilə razılaşdırmaqla onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini təmin etməlidirlər.  Eyni zamanda, bu barədə məlumatların 5 iş günündən gec olmayaraq kağız və elektron daşıyıcılarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunması da təmin olunmalıdır.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, Sərəncamda nəzərdə tutulan şəxslərə 2022-ci il yanvarın 1-dən etibarən Prezidentin təqaüdünün təyin edilməsini və ödənilməsini təmin etsin. Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün. Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir”, – deyə Sərəncamda bildirilir.

Mission News Theme by Compete Themes.