Press "Enter" to skip to content

Nazir xalq kollektivlərinin yaradılmasının vacibliyini vurğulayıb

Son yeniləmə: 5 Fevral 2022 13:00

Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimov ölkəmizin qərb bölgələrinə səfəri çərçivəsində fevralın 4-də Şəmkir rayonuna gəlib. Nazir əvvəlcə Şəmkir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, sonra Şəmkir rayon Mədəniyyət Mərkəzinə baş çəkən A.Kərimov müəssisənin binası və fəaliyyəti ilə tanış olub. Nazir Mədəniyyət Mərkəzi nəzdində xalq kollektivlərinin, teatr qruplarının yaradılmasının vacibliyini vurğulayıb, bununla bağlı göstərişlər verib.

Şəmkir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) gələn nazirə kitabxananın şöbələri, kitab fondları barədə məlumat verilib. A.Kərimov MKS-də texniki təchizatın yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.

Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyində olan mədəniyyət naziri muzeyin ekspozisiyasına və kitab fonduna baxış keçirib. Muzeydə memar-rəssam Fərman Hüseynov tərəfindən çəkilən “Toy” adlı divar miniatür əsəri barədə məlumat verilib.

Bildirilib ki, 73 kvadratmetr sahəsi olan əsər bu qəbildən ən böyük əl işlərindən hesab edilir. Muzeydə qorunan 2500 illik sütun daşları haqqında məlumat da nazirə bilgi verilib.

Şəmkir Rayon Uşaq Musiqi Məktəbinə gələn nazir binanın vəziyyəti ilə tanış olub. Məktəbin xor kollektivinin, tar ixtisası üzrə təhsil alan şagirdlərinin ifalarını dinləyib. Bildirilib ki, məktəbdə 665 şagirdin təlim-tərbiyəsi ilə 134 nəfər müəllim məşğul olur. Burada 10 ixtisas – fortepiano, violin, tar, kamança, qarmon, xanəndəlik, nağara, klarnet, xor, nəzəriyyə üzrə tədris həyata keçirilir.

Mission News Theme by Compete Themes.