Press "Enter" to skip to content

Moskvada Azərbaycan kinosu günləri davam edir

Moskvada kino günləri

Son yeniləmə: 11 Fevral 2022 19:27

Bayraqdar.info – Moskvada fəaliyyət göstərən “İllüzion” (“Иллюзион”) kinoteatrı Mədəniyyət Nazirliyi ilə birgə tamaşaçılara Azərbaycan kinosunun geniş retrospektivini təqdim edir. Nazirlikdən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, 2022-ci il fevralın 7-də başlayan film nümayişləri ayın 15-ə qədər davam edəcək. Proqramda Azərbaycan kinosunun səssiz filmlərindən başlayaraq müxtəlif dövrlərdə çəkilmiş 19 film nümayiş olunur.

Xəbərdə deyilir ki, Azərbaycan kinosu retrospektivinin açılışına rejissor Fariz Əhmədovun premyerası 2021-ci ildə Rotterdam kinofestivalında baş tutan “Sonuncu” adlı filmi ilə fevral ayının 7-də başlanılıb.

“Qeyd edək ki, 19 filmdən ibarət “Azərbaycan kinosu. Retrospektiv” proqramına 1935-ci ildən bu günə qədər olan dövrü əhatə edən komediya və triller, nağıl və detektiv hekayələr, kinoromanlar, sevgi hekayələri, sosial dramlar və sürreal təmsillər daxildir. Sovet dövrünün son səssiz filmlərindən biri olan “Dəcəl dəstə”dən tutmuş ilk müstəqil filmlərdən biri olan “Yarasa”ya, müharibədən sonrakı və mülayimləşmə dövrü filmlərindən beynəlxalq festivalları fəth edən müasir müəllif filmlərinə qədər müxtəlif dövrlərə aid proqram Azərbaycan kinematoqrafiyasının geniş janr və üslublarını nümayiş etdirir. Filmlərin yarıdan çoxu Dövlət Film Fondunun arxivindən olan 35 mm-lik kinolentdən, Azərbaycan Dövlət Film Fondu tərəfindən təqdim olunan rəqəmsal nüsxələrdən nümayiş etdirilir. Nümayişlər kino tənqidçilərinin mühazirələri və rejissorlarla görüşlərlə müşayiət olunur.

“Retrospektiv proqramının kuratorları “İllüzion” kinoteatrının art-direktoru Aleksandra Lavrova və Mədəniyyət Nazirliyiniun Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənovdur”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.