Press "Enter" to skip to content

Musiqili Teatr İranda “Fəcr” Beynəlxalq Teatr Festivalında

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı İranda

Son yeniləmə: 12 Fevral 2022 10:50

Bayraqdar.info – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi fevralın 9-13-də 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün İran İslam Respublikasına səfər edib.

Bu barədə bayraqdar.info-ya Teatrdan xəbər verilib. Xəbərdə bildirilir ki, dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatr kollektivlərinin hər il qatıldığı ənənəvi tədbirlərdə dəfələrlə Azərbaycanı layiqincə təmsil edən Dövlət Akademik Musiqili Teatrı fevralın 11-də “Tehran Şəhər” teatr salonunda teatrın direktoru, fəlsəfə elmləri doktoru Əliqismət Lalayevin ideya müəllifi və bədii rəhbəri olan, Samir Qulamovun rejissorluğu ilə səhnələşdirilmiş “Bir nəfəs qədər” tamaşasını nümayiş etdirib.

“Tamaşadan əvvəl Azərbaycanın İrandakı səfiri Əli Əlizadə çıxış edərək qonaqları və teatrın kollektivini salamlayıb. Qeyd olunub ki, Azərbaycanın sənət adamlarının İrana qastrol səfərinə gəlməsi və beynəlxalq “Fəcr” Teatr Festivalında çıxış etməsi xalqlarımızın mədəni əlaqələrinə verilən böyük töhfədir. Əli Əlizadə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı erməni işğalından azad etməsinin Azərbaycan xalqı ilə yanaşı İran xalqını da sevindirdiyini bildirib. Azərbaycan xalqının torpaqların azadlığı uğrunda minlərə şəhid verdiyini bildirən səfir, tamaşanın Azərbaycanın 44 günlük Vətən müharibəsinə və qəhrəman şəhidlərimizə ithaf olunduğunu vurğulayıb və onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı İranda

“Diplomat tamaşanın İranda Fəcr ongünlüyündə, İranın milli bayramında nümayiş etdirilməsinin də əlamətdar olduğunu qeyd edib və bu münasibətlə İran dövlətini və xalqını təbrik edib.

“Rejissor Samir Qulamovun pyesi və quruluşu əsasında “Bir nəfəs qədər” tamaşası Zəfər salnaməmizi qanları ilə yazan şəhidlərimizin qəhrəmanlığını əks etdirir. Əsərin süjet xəttində Vətən müharibəsinin könüllü döyüşçülərindən biri olan Vətən adlı bir gəncin həyat hekayəsindən bəhs edilir.

“Festivalda nümayişi nəzərdə tutulan digər səhnə əsəri isə dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan eyniadlı monotamaşadır. Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı Əməkdar artist Şövqi Hüseynovdur.

“Hər iki tamaşanın ideya müəllifi və bədii rəhbəri, Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir”. Xəbərdə belə bildirilir.

Mission News Theme by Compete Themes.