Press "Enter" to skip to content

Milli Məclisin yaz sessiyasından əhəmiyyətli qanunlar

Milli Məclis

Bayraqdar.info – Fevralın 15-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

MM-in İctimaiyyətlə əlaqələr və mətbuat mərkızindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, iclasdan əvvəl MM sədri Sahibə Qafarova Milli Məclisin nümayəndə heyətinin fevralın 1-dən 7-dək Baltikyanı ölkələrə rəsmi səfəri barədə qısa məlumat verib.

Daha sonra iclasda cari məsələlərin müzakirəsinə başlanıb. Deputatlar bu günlərdə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsinin hər iki ölkənin prezidentləri tərəfindən təsdiq olunaraq hüquqi qüvvəyə mindiyini bildiriblər. Onlar bunu Azərbaycan və Türkiyə tarixində müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizliyimizin təmin olunması baxımından mühüm addım kimi qiymətləndiriblər.

Daha sonra gündəlikdəki məsələlərə baxılıb. MM sədri bildirib ki, gündəliyə 11 məsələ daxil edilib. Qeyd olunub ki, gündəliyin ilk iki məsələsi hökumətlərarası sazişlərin təsdiq edilməsi haqqında qanun layihələridir. Həmin sazişlər beynəlxalq sənədlər olduğundan bir oxunuşda qəbul ediləcək.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, Saziş 2021-ci il sentyabrın 28-də Ankara şəhərində imzalanıb. Sənəd Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, idxal və ixrac olunan qida məhsullarının təhlükəsizliyinin təmin olunması və qida sektorunda ticarət əlaqələrinin mövcud potensialının artırılması məqsədi daşıyır.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Sazişlə bağlı komitənin müsbət rəyini bildirib. Deputat Əli Məsimli təqdim olunan sənədin əhəmiyyəti barədə öz qeyd və təkliflərini açıqlayıb.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşa qəbul edilib.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, sənəd 17 maddədən ibarətdir, 2021-ci il dekabrın 14-də Madrid şəhərində imzalanıb. Sazişdə hər iki dövlətin hökumət orqanları arasında əməkdaşlığın forma və metodları, qarşılıqlı maraq doğuran məlumatların mübadiləsi və digər məsələlər öz əksini tapıb. Qeyd edilib ki, bu qəbildən olan sənədlər artıq bir sıra ölkələrlə imzalanıb.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə danışıb.

Qeyd edilib ki, qanunda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub. Qanunun 16-4.4-1-ci maddəsinə əsasən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə 15-28.3-cü və 15-28.4-cü maddələri 2022-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minir. Əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə geniş işlərin görülməsi və sistemin formalaşdırılması məqsədilə layihədə qanunun qeyd olunan müvafiq maddələrinin tətbiqinin 2023-cü il 1 yanvar tarixinə kimi təxirə salınması nəzərdə tutulur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirib ki, sənəd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkib hissəsi olan Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üzrə ayrılıqda yalnız dinc və müharibə dövrləri üçün maddi-texniki vasitələrlə təmin edilməsi qaydasının və təminat normasının müəyyən edilməsi məqsədilə, eləcə də beynəlxalq və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında əldə edilmiş təcrübə əsasında hazırlanıb.

Belə ki, bu təcrübənin təhlili nəticəsində Silahlı Qüvvələrin maddi-texniki vasitələrlə təmin edilməsi qaydasının və təminat normalarının müəyyən edilməsi zamanı dinc dövrlə real təhdid və səfərbərlik dövrləri arasında fərq olmadığı, fərqin yalnız dinc və müharibə (silahlı münaqişə) dövrləri arasında olduğu, həmçinin maddi-texniki vasitələrlə təmin edilməsi qaydasının və təminat normalarının hər bir qurum üçün ayrılıqda təsdiq edilməsinin daha məqsədəuyğun olduğu müəyyən edilib. Layihənin qəbulu Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üzrə ayrılıqda yalnız dinc və müharibə dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydasının və təminat normasının müəyyən edilməsinə zəmin yaradacaqdır.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin sədri S.Qafarova diqqətə çatdırıb ki, gündəliyin beşinci və altıncı məsələləri ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-biri ilə bağlı olan qanun layihələridir.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Qaz təchizatı haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni ikinci oxunuşda təqdim edib. Bildirilib ki, layihə dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur. Sənədə əsasən qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunur. Bu isə qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının müayinəsi və texniki xidmətin səmərəliyinin yüksəlməsinə, baş verən və baş verə biləcək neqativ halların daha operativ aradan qaldırılmasına, qaz paylayıcısının məsuliyyətinin yüksəlməsinə, qaz satışı və texniki xidmət sahəsində idarəçiliyin təkmilləşməsinə xidmət edəcək.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Qeyd edilib ki, təklif olunan dəyişikliklər qaz təchizatı və istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması ilə bağlıdır. Belə ki, dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınması məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsində təkmilləşdirilmə aparılaraq, həmin maddəyə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsini nəzərdə tutan 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunur.

Digər dəyişiklik ətraf mühitə, insanların sağlamlığına və onların əmlakına təhlükə yarada bilən neqativ halların vaxtında müəyyən edilməsi, aradan qaldırılması, bu sahəyə nəzarətin gücləndirilməsi məqsədi ilə aparılıb. Bununla əlaqədar olaraq Məcəlləsinin 542-ci maddəsinin yeni redaksiyada təklif olunan sanksiyası ilə fiziki şəxslərin iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək, hüquqi şəxslərin iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Müzakirələrin sonunda qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Daha sonra iclasda MM sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə danışıb.

F.İbrahimli qeyd edib ki, sənəddə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması, habelə dini qurumların, o cümlədən dini icmaların yaradılması və dövlət qeydiyyatı ilə bağlı müddəaların təkmilləşdirilməsi nəzərdə tutulub. Layihədə, həmçinin dini qurumların ianələri yalnız ənənəvi üsullarla deyil, eyni zamanda bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul etməsi təklif olunur. Bu sahədə fəaliyyətin şəffaflığının təmin olunması məqsədilə ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan təsdiq edəcəkdir.

Sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

MM sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsini birinci oxunuşda təqdim edərkən bildirib ki, təklif olunan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Prezidentinin 8 fevral 2022-ci il tarixli Fərmanının 1.1.1-ci maddəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması qeyd olunub. Bununla əlaqədar qanunun müvafiq maddələrinə lazımi düzəlişlər aparılıb və “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikası Audiovizual” sözləri ilə əvəz edilib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov mahiyyətcə bir-birinə bağlı olan növbəti iki məsələ – “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” (birinci oxunuş) və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, ölkə Prezidenti tərəfindən təqdim olunan həmin qanun layihələri idarəetmənin təkmilləşdirilməsi sahəsində aparılan islahatların tərkib hissəsidir. Nəzərdə tutulan dəyişiklik vətəndaş məmnunluğuna xidmət edir, vətəndaşların müraciətlərinə baxılma mexanizmində yeniliklərin tətbiqi, büdcə vəsaitlərinin sərfiyyatının qənaəti baxımından vacibdir.

Gəncə şəhərinin inzibati ərazi bölgüsündə təklif olunan dəyişikliklərə əsasən, şəhərin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılır. Qeyd olunub ki, ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilir. Habelə, ləğv edilmiş Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri isə müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilir.

Bildirilib ki, Gəncə şəhərinin inzibati ərazi bölgüsündəki dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında da müvafiq düzəlişin edilməsi nəzərdə tutulub.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Ə.Hüseynli Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsindən (birinci oxunuş) bəhs edib.

Məlumat verilib ki, dəyişiklik Məcəllənin 102.4-2-ci maddəsinin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, həmin maddədə qeyd edilir ki, sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə 2 iş günündən gec olmayaraq sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

Məcəlləyə təklif olunan əlavədə bundan sonra sifarişçinin hansı hərəkət edəcəyinə aydınlıq gətirilir. Əlavəyə əsasən, icazə ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər. Təkrar müraciətə yalnız dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd əlavə edilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına icazəni sifarişçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.

Mission News Theme by Compete Themes.