Press "Enter" to skip to content

Sibirdə və Doğu Türküstanda dil problemi

Ekrem Arıkoğlu

Son yeniləmə: 17 Fevral 2022 17:05

Ekrem Arıkoğlu: Hazırda dünyanın müxtəlif yerlərində ana dili türkcə olan bəzi xalqlar olmazın basqılara məruz qalır

Bayraqdar.info – “Hər il fevralın 21-də dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Lakin təəssüflər olsun ki, hazırda dünyanın müxtəlif yerlərində türk dilində danışan, ana dili türkcə olan bəzi xalqlar olmazın basqılara məruz qalır. Bu sırada mən iki ölkəni xüsusi ilə vurğulamaq istəyirəm. Bunlardan biri Rusiya, digəri də Çindir”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Qırğızıstan-Türkiyə Manas Universitetinin müəllimi, Prof. Dr. Ekrem Arıkoğlu deyib. Məlumat üçün bildirək ki, Azərbaycana da xüsusi sevgisi ilə tanınan E.Arıkoğlu 1963-cü ildə Kahramanmaraşda anadan olub. Dünyanın müxtəlif yerlərində, xüsusilə də Sibirdə yaşayan türk xalqlarının dil və ləhcələri ilə bağlı araşdırmalar aparan E.Arıkoğlu dilçiliklə bağlı çoxlu sayda qiymətli kitabların, o cümlədən dərsliklərin və məqalələrin müəllifidir.

O, son iş yeri olan Qırğızıstan-Türkiyə Manas Universitetindən öncə Türkiyənin nüfuzlu universitetlərində, həmçinin Belarus Dövlət Xarici Dillər Universitetində işləyib. Avrasiya Yazarlar Bilriyinin də üzvü olan E.Arıkoğlu 2006-cı ildə “Örnekli Hakasça Türkçe Sözlük” əsərinə görə Necmettin Hacıeminoğlu Dil Ödülünə layiq görülüb.

Beləliklə, sözlərinə davam edən müsahibimiz öncə Sibirdə baş verənlərə toxunub: “Mənim fəaliyyət sahəm Sibir türk dilləri, xüsusilə də Tuva və Xakas dilidir. 1993-cü ildə doktorluq elmi dərəcəm Tuva və Xakas türkcələri ilə bağlı olub. Bununla əlaqədar olaraq 1 ilə yaxın Sibirdə yaşadım. Ümumiyyətlə orada 1990-cı illərdən etibarən bu istiqamətdəki siyasəti yaxından izləyirəm”.

E.Arıkoğlu deyib ki, SSRİ-nin çöküşündən sonra Sibirdəki Tuva, Saxa, Xakas, Altay muxtar respublikalarında doğma dillərdən istifadə ilə bağlı bir qrup qanunlar qəbul edilib: “İlk illərdə o topluluqların azadlıq sərhədləri bir qədər genişləndi və o xalqların öz ana dillərindən bütün sahələrdə istifadəsinə imkanlar yarandı. Lakin V.Putinin hakimiyyətə gəlməsindən sonra Rusiyanın bütün ərazilərində olduğu kimi, Sibir türklərinin də ana dilindən istifadə etməsi məsələsində haqları əllərindən alındı. Məsələn, Tuva Muxtar Respublikasının Konstitusiyasinda öz əskini tapmış bir sıra maddələr aradan qaldırıldı. Rusca əsas dil olaraq işlənməyə başladı. 2010-cu ildən isə bu istiqamətdə vəziyyət daha da pisləşdi. Hazırda Sibir türkləri sadəcə onlayn media üzərindən öz ana dillərini qoruya, yaşada bilərlər”.

Onun sözlərinə görə türk dilinə qarşı basqıdan danışanda Doğu Türküstandan da bəhs etmək lazımdır: “Oradakı zülmdən hər kəsin xəbəri var. Bu zülmün məqsədi uyğurların öz ana dilində danışmasının qarşısını almaqdır. Milyonlarla insan həbs düşərgələrinə salınıb. Bu cəza düşərgələrində xüsusilə uyğurların öz ana dilini unutması və çincə danışması, öz mədəniyyətlərini unudub Çin mədəniyyətini qəbul etməsi üçün təzyiqlər edilir. Düşərgələrdə olan ata-anaların kənarda qalan övladları isə çincə məktəblərə göndərilir. Bununla da assimilyasiya siyasəti həyata keçirilir. Bu gün dünyada ən çətin durumda məhz Doğu Türküstanda olan uyğurlardır. Çünki onlar zorla çinliləşdirilirlər. Bunun üçün də dilləri əllərindən alınır. Dilin yox edilməsi də təsadüfi deyil. Bütün dünya bilir ki, bir xalqı yox etmək üçün o xalqın dilini əlindən almaq lazımdır. Çinlilər də uyğurlara qarşı bu istiqamətdə təzyiqlər edir, olmazın zülm verirlər”.

Müsahibimiz onu da qeyd edib ki, müstəqilliklərini əldə etmiş ölkələr arasında Azərbaycan öz dilini qoruyan və inkişaf etdirən ölkə kimi ön sırada dayanır: “Amma bunu da bildirməliyik ki, Qırğızıstan və Qazaxıstanda Rusiya iqtisadi təzyiqlərlə rus dilinin rəsmi dil kimi aradan qadırılmasına mane olur. Moskva bu ölkələrdə əlifba çalışmalarını əl altından olsa da əngəlləməyə çalışır. Məsələn, Rusiya bu il Qırğızıstanda rus dilində 40 məktəb açmaq barədə qərar qəbul edib. Həmçinin Qazaxıstandakı son hadisələrin pərdəarxasının elə bu dil məsələsi olması kimsədə şübhə doğurmur”.

2 Comments

  1. Cihan Özdemir Cihan Özdemir 18 Fevral 2022 01:54

    Sitenizde Türk dünyasının önemli problemlerine dikkat çektiğimiz için size gönülden teşekkür ediyorum. Çalışmalarınızda başarılar diliyorum.
    Türkiye’den selamlar…

    • Bayraqdar.Info Bayraqdar.Info 18 Fevral 2022 11:29

      Biz teşekkür ederiz. Türk dünyasının ortak sorunları bizim için olmazsa olmazdır.

Comments are closed.

Mission News Theme by Compete Themes.