Press "Enter" to skip to content

Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir

Son yeniləmə: 17 Fevral 2022 14:55

Bayraqdar.info – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin mənzillərinin təmir nümunələri təqdim olunub.

Bu barədə bayraqdar.info-ya fevralın 17-də Mənzil İnşaatı Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasınauyğun olaraq Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif edilir.

Agentliyin digər layihələrində olduğu kimi Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində də güzəştli mənzillər ənənəvi olaraq 2 cür təmir edilib. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillər yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunmaqla tikinti standartlarına uyğun zövqlə təmir edilib.

Qeyd edilib ki, mənzillər mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilib.

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin ilk mənzillərinin satışına hazırlıq məqsədilə Agentlik tərəfindən mənzillərin görüntülərini təqdim edən video-çarx hazırlanıb.

Video-çarx ilə Agentliyin internet-saytının ana səhifəsində “təmir nümunələri” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Bununla yanaşı, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən güzəştli mənzillər haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə verilib. Səhifəyə daxil olmaqla hər bir mənzilin texniki göstəriciləri, təmiri və istifadə olunan inşaat materialları, habelə ərazidə yaradılan infrastruktur barədə daha ətraflı məlumat əldə etmək mümkündür.

Mission News Theme by Compete Themes.