Press "Enter" to skip to content

Vahid əlaqələndirmə mərkəzlərinə müraciətlər artır

Son yeniləmə: 17 Fevral 2022 15:21

Bayraqdar.info – Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə 15,6 min şəxsə xidmətlər göstərilib. Bunlar şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarətdir.

Bu barədə bayraqdar.info-ya fevralın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 142 Çağrı mərkəzi tərəfindən isə həmin mərkəzlərə aid məsələlər üzrə 25,5 min vətəndaş müraciəti cavablandırılıb.

Hazırda Bakı şəhərindəki və Abşeron rayonundakı DOST mərkəzlərində, həmçinin Gəncə şəhərində, Masallı və Ucar rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir.

Həmin mərkəzlərdə 39 qurum, o cümlədən 6 mərkəzi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti) və 33 yerli icra hakimiyyəti orqanı tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilir.

Bu xidmətlərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrə dair xidmətlər daxildir.

Hazırda vahid əlaqələndirmə mərkəzləri şəbəkəsinin respublikamızın bölgələri üzrə genişləndirilməsi istiqamətində işlər aparılır.

Mərkəzlərə müraciətlərin qurumlar üzrə bölgüsü aşağıdakı kimi olub: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 5988 müraciət; Müdafiə Nazirliyi üzrə 6979 müraciət; Səhiyyə Nazirliyi üzrə 266 müraciət; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 402 müraciət; İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 224 müraciət; Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 1287 müraciət; Yerli İcra Hakimiyyətləri üzrə 446 müraciət.

Mission News Theme by Compete Themes.