Son yeniləmə: 24 Fevral 2022 16:43
Məmməd Əhmədzadə: Ermənistan Xocalı soyqırımına görə məsuliyyətini etiraf etməli və faciə qurbanlarından üzr istəməlidir
Bayraqdar.info – Xocalıda baş verənlərin Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin təcəssümü olmaqla yanaşı, münaqişə zamanı Ermənistan hərbi qüvvələrinin azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi vəhşiliyin ən yüksək nöqtəsidir.
Bunu İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın nüfuzlu “il Giornale” qəzetində dərc olunan məqaləsində qeyd edib.
Səfirlikdən fevralın 24-də bayraqdar.info-ya verilən məlumata görə, Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş məqalədə faciə haqqında ətraflı məlumat verilib. Diplomat həmin uzun və dəhşətli gecədə Ermənistan silahlı qüvvələrinin, keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalı şəhərini mühasirəyə alaraq işğal etdiyini yazib. Həmçinin dinc əhaliyə qarşı bəşəriyyətin indiyədək gördüyü ən böyük vəhşiliklərdən birini törətdiyini bildirərək faciənin acı nəticələri haqqında məlumat verib.
Səfir Xocalıda mülki əhalinin qəsdən qətlə yetirilməsinin tək və ya təsadüfi bir akt deyil, Ermənistanın nifrət, irqi və etnik ayrı-seçkilik ideyalarına əsaslanan geniş yayılmış və sistemli vəhşilik siyasətinin və praktikasının bir hissəsini təşkil etdiyini vurğulayb. Xocalıda qətlə yetirilənlərin yeganə “günah”ının məhz azərbaycanlı olmaları olduğunu bildirilib.
Diplomat məqaləsində 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı da Ermənistan tərəfindən qəsdən mülki azərbaycanlı əhaliyə qarşı həyata keçirilmiş ağır cinayətlərdən bəhs edib. İstər 1992-ci il Xocalı soyqırımı, istərsə də 2020-ci ildə dinc azərbaycanlı əhalinin bombalanmasının Ermənistan hakimiyyətinin mülki azərbaycanlılara qarşı düşünülmüş siyasətinin və sistemli zorakılıq aktlarının bariz sübutu olduğunu bildirib.
Məqaləsində Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi və siyasi qiymət verilməsi istiqamətində aparılan işlərə diqqət çəkən diplomat bildirib: “Artıq uzun illərdir ki, Xocalı hadisələrinin xatirəsinin anılması ölkəmizin hüdudlarını aşmışdır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün başlanılmış “Xocalıya ədalət!” kampaniyası faciə ilə bağlı dəhşətli faktların, Xocalı həqiqətlərinin milyonlarla insana çatdırılmasında həlledici rol oynamışdır. “Xocalıya ədalət!” kampaniyası nəticəsində bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsi kəskin şəkildə pislənilmiş və soyqırımı cinayəti kimi tanınmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il aprelin 22-də Xocalıda mülki azərbaycanlıların qətlə yetirilməsinin “müharibə cinayəti və ya insanlıqəleyhinəcinayətlərə bərabər tutulan xüsusilə ağır hərəkətlər” olduğu barədə qərar çıxarmışdır.”
M.Əhmədzadə məqaləsinə İtaliyada “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülmüş işlər barədə məlumat verib.
Diplomat cari ildə də Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə İtaliyada bir sıra tədbirlərin keçiriləcəyini, bu xüsusda, Romada Arye Qut və Amir Qutun həmmüəllifləri olduqları kitabdan ilhamlanan italyan yazıçı Klaudia Di Domenikonun ssenari müəllifi olduğu “Ağrı” adlı ədəbi-musiqili tamaşanın nümayiş olunacağını bildirib. Bu il həm də Xocalı soyqırımının tanınması ilə bağlı irəli sürülən “Tanınma yolu ilə barışıq: sülh quruculuğu və keçid ədaləti” təşəbbüsü ilə bağlı İtaliyada tədbirin keçiriləcəyini deyən diplomat bu təşəbbüs barədə də məlumat verib.
Diplomat bölgədə real barışıq və münasibətlərin normallaşması üçün 30 ildir inkar siyasəti yürüdən Ermənistanın Xocalı faciəsinə görə öz məsuliyyətini etiraf etməsinin və faciə qurbanlarından üzr istəməsinin vacib olduğunu qeyd edib.
M.Əhmədzadə məqaləsini bu fikirlərlə tamamlayıb: “Bu dəhşətli faciənin 30-cu ildönümü günündə Xocalıya ədalət deyə çağıran səsin daha da ucalmasının vaxtı çatıb. XX əsrin sonlarında bütün sivil bəşəriyyətin gözü önündə Xocalıda törədilən vəhşiliklərə biganəlik, yüzlərlə dinc insanın qətləyetirilməsinin cəzasız qalması yeni faciələrə yol aça bilər. Biz bütün beynəlxalq ictimaiyyətin Xocalıda baş verənlərə ədalətli və obyektiv hüquqi-siyasi qiymət verməsini və bəşər tarixinin ən qaranlıq səhifələrindən biri olan bu qətliamı soyqırımı kimi tanımasını gözləyirik. Bütün bunlar Xocalı qurbanlarınınanılması və bu faciəyə münasibətdə ədalətin bərqərar olması üçün vacibdir.”