Press "Enter" to skip to content

Dağlıq ərazilərdə qar ölçmə işləri aparılacaq

Qar ölçmə işləri

Son yeniləmə: 25 Fevral 2022 17:27

Bayraqdar.info – Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində mart ayının ilk günlərindən etibarən qar ölçmə işlərinin aparılması üçün ekspedisiyalar təşkil edilir.

Bayraqdar.info xəbər verir ki, bu sözləri Xidmətin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, əgər keçən il 25 qar ölçmə marşrutu üzrə ölçmə-tədqiqat işləri aparılıbsa, bu ildən etibarən marşrutların sayı 31-ə çatdırılıb ki, bu da Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərində qarölçmə işlərinin daha geniş ərazidə aparılması ilə bağlıdır.

“Ölçmə işləri Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının Kəlbəcər, Laçın, Şuşa, Xocavənd rayonlarının ərazisindən axan Tərtərçay, Levçay, Tutqunçay, Xaçınçay, Bərgüşadçay, Həkəriçay, Zabuxçay, Qarqarçay, Köndələnçay, Quruçay çaylarının hövzələrində 8 marşrut üzrə 2 qrupdan ibarət ekspedisiya tərəfindən dəniz səviyyəsindən 1550-2200 metr yüksəklikdə həyata keçiriləcək. 2021-ci ildə isə qarölçmə işləri 2 marşrut üzrə yalnız Tərtərçay və Həkəriçay çaylarının hövzələrində aparılmışdı”.

A.Verdiyevin sözlərinə görə, ümumilikdə ölkənin əsas çay hövzələrini əhatə etmək üçün qarölçmə işləri 5 qrupdan ibarət ekspedisiya təşkil olunaraq Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində həyata keçiriləcək və qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı, sululuğu təyin olunacaq.

Mərkəz direktoru bildirib ki, qarölçmə işlərində iştirak edəcək mütəxəssislər üçün ərazidə təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə ANAMA-nın mütəxəssisləri tərəfindən təlimlər təşkil olunacaq.

Mission News Theme by Compete Themes.