Press "Enter" to skip to content

Dünya Ağsaqqalları Rusiyanın Ukraynaya təcavüzünü qınadı

Meri Robinson

Son yeniləmə: 25 Fevral 2022 14:34

Bayraqdar.info – Öz sıralarında dünyanın ən tanınmış siyasi liderlərini birləşdirən Ağsaqqallar Birliyi Rusiyanın Ukraynaya təcavüzünü dünya sülhünə ciddi təhdid kimi dəyərləndirib.

Birlikdən fevralın 25-də bayraqdar.info-ya daxil olan məlumatda qeyd edilir ki, Rusiyanın bu davranışı BMT Nizamnanməsinin kobud pozulmasıdır və dünya sülhünə, həm də təhlükəsizliyinə ciddi təhdiddir.

Ağsaqqallar eyni zamanda Ukrayna xalqına öz dəstəklərini ifadə ediblər, dünyanı Rusiyanın hərəkətlərinə əməli reaksiya verməyə çağırıblar.

Ağsaqqalların sədr müavini, BMT-nin keçmiş Baş katibi Ban Ki Mun deyib ki, “Rusiyanın Ukraynaya təcavüzü beynəlxalq ictimaiyyətin təxirəsalınmaz qətiyyətli müdaxiləsini zəruri edən çirkin bir əməldir. Bir müstəqil dövlətə qarşı belə əsassız hücumun heç bir əsaslandırması ola bilməz. Prezident Vladimir Putin bu hərəkətində israr edərsə beynəlxalq qınağa tuş gələcək, eyni zamanda hər iki tərəfin insanları onun təcavüzündən əziyyət çəkəcək”.

Ağsaqqallar xəbərdarlıq edib ki, əgər bu hərbi əməliyyatlar davam edərsə Rusiya və NATO silahlı qüvvələri arasında qarşıdurma qaçılmaz olacaq.

Ağsaqqallara görə, məsələ yalnız diplomatik yollarla çözülməlidir. Bunun üçün BMT Baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının digər 14 üzvü ilə birlikdə dialoq yolunu açmalıdır.

Ağsaqqalların sədri, İrlandiyanın keçmiş Prezidenti Meri Robinson: “Prezident V.Putin rus xalqının maraqlarına uyğun olmayan müharibə yolunu seçib. Bizim ürəklərimiz hazırda ölüm, yaralanma və geniş dağıntılardan əziyyət çəkən Ukrayna xalqıyla bir döyünür. Rusiya yalnız Ukrayna sərhədlərini pozmayıb, həm də ümumilikdə qanunlara əsaslanan beynəlxalq düzəni pozub. Nəzərə alsaq ki, həm Rusiyanın, həm də NATO-nun nüvə silahı var, onların arasındakı qarşıdurma bütün bəşəriyyət üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər”.

Qeyd edək ki, Ağsaqqallar Birliyi 2007-ci ildə Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandela tərəfindən qurulub. Məqsədi üzvlərinin nüfuz və təcrübəsindən istifadə edərək dünya çapında sülh, ədalət və insan haqlarına töhfə verməkdir.

Mission News Theme by Compete Themes.