Press "Enter" to skip to content

Azərbaycan həmişə qəlbimizdə bir sevda olub

Son yeniləmə: 27 Fevral 2022 14:19

Osmaniyenin azərbaycanlı kəndi olan Selimiye də (Papak) Xocalı şəhidləri üçün ehsan verilib

Bayraqdar.info – Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar fevralın 26-da qardaş Türkiyədə, Osmaniye vilayətinin Selimiye (Papak) kəndində anım mərasimi keçirilib və ehsan verilib. Kənd sakinlərinin təşəbbüsü ilə keçirilən mərasimdə Vali Dr. Erdinç Yılmaz, Osmaniye Korkut Ata Üniversitesi rektoru Prof. Dr. Turgay Uzun, İl Jandarma Komutanı Jandarma Albay Zafer Tombul, həmçinin müxtəlif qurumların təmsilçiləri və yerli sakinlər iştirak edib.

Bu barədə bayraqdar.info-ya Osmaniye Korkut Ata Universitetinin Beynəlxalq münasibətlər fakultəsinin Dr. öğr. üyesi Elnur Paşa məlumat verib.

Onun sözlərinə görə, şəhidlərin ruhunun yad edilməsindən sonra Qurani Kərim oxunub.

Mərasimdə çıxış edən Türk Ocaqları Osmaniye söbəsi başqanı Mehmet Çetinkaya “Xocalıda qətlə yetirilən 613 müsəlman türkün xatirəsini bir daha rəhmətlə yad edirik. Biz bundan sonra daha yaxşı günlər üçün çalışacağıq ki, o ağrıları bir daha yaşamayaq. Allah rəhmət eləsin, məkanları cənnət olsun”, – deyib.

Hüquqşünas Çiğdem Karaboran Kendirci isə çıxışını “Osmaniye vilayətinin azərbaycanlı kəndi olan Papak adı ilə tanınan Səlimiyə xoş gəlmisiniz” sözləri ilə başlayıb.

Ş.Karaboran daha sonra deyib: “Bu torpaqda doğulub böyüyən bir atanın oğlu olaraq, indiki hisslərimi sözlə ifadə etmək mümkün deyil. Azərbaycan həmişə qəlbimizdə bir sevda olub”.

O, çıxışında 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qazandığı tarixi Zəfərin əhəmiyyətinə də toxunub.

Mərasimdə çıxış edən Osmaniye Korkut Ata Üniversitesi Öğretim Üyesi Dr. Aybala Karaboran Tazeoğlu isə “biz bu gün Xocalıda törədilən zülm barədə yenə də bütün dünyaya bəyan etmək, 2020-ci ildə Azərbaycanın əldə etdiyi qələbəni bütün şəhidlərimizə ərmağan etmək üçün toplaşmışıq”, – deyə qeyd edib.

Xocalıda törədilənlərin bir vəhşilik olduğunu deyən Aybala Karaboran Tazeoğlu əlavə edib ki, bütün dünyaya bunun soyqırım olduğunu hayqırmaq lazımdır.

Daha sonra çıxış edən Osmaniye Korkut Ata Üniversitesi rektör yardımcısı Prof. Dr. Alpaslan Dayangaç bir daha belə faciələrin yaşanmamasını arzulayaraq, bu tədbirlərin kin saxlamaq üçün deyil, maarifləndirmək, keçmişdən ibrət dərsi almaq üçün keçirildiyini bildirib.

Çıxış edən vali Dr. Erdinç Yılmaz isə “Belə mənalı bir tədbirdə sizinlə olduğum üçün çox xoşbəxtəm. Bu tədbiri təşkil edən və əməyi keçən dostlarımızı təbrik edirəm. Siz bizim əsl qardaşımızsınız. Azərbaycana toxunan əl bizə toxundu. Türkiyə Cümhuriyyəti və Azərbaycan əsl qardaş və dostdur. Bu bağ heç vaxt qırılmayıb, qırılmayacaq”, – deyib.

Vali Yılmaz sözlərinə davam edərək, bildirib ki, ermənilər Azərbaycanla yanaşı, Anadoluda, Osmaniye və Çukurovada da qırğın törədiblər: “Onların vəhşilikləri heç vaxt unudulmamalıdır. Unutmaq olmaz, unutsaq, məhv olacağıq. Unutsaq yenidən bu faciələri yaşayacağıq. Güclü olacağıq, birlikdə olacağıq. Qardaşlığımızı hər zaman möhkəm saxlayacağıq. Biz bir olduğumuz zaman Allahın izni ilə bizi heç kim məğlub edə bilməz”.

Vali çıxışını “1992-ci il fevralın 26-da qadın, uşaq, qoca demədən 613 nəfər qardaşlarımızı qətlə yetirdilər. Ruhları şad, məkanları cənnət olsun. Onların şəhid olduqlarını bilirik. Acılarını heç vaxt unutmamışıq, unutmayacağıq”, sözləri ilə tamamlayıb.

Mission News Theme by Compete Themes.