Press "Enter" to skip to content

Stokholmda Azərbaycan icması ilə görüş

Son yeniləmə: 27 Fevral 2022 12:55

Fuad Muradov: 2022-ci ildə DİDK-nın dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımına həsr olunmuş 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulub

Bayraqdar.info – Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Stokholmda Azərbaycan icması ilə görüş keçirilib. Görüşdə Komitə sədri Fuad Muradov, ölkəmizin İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov, Stokholm və digər şəhərlərdə yaşayan azərbaycanlılar və türk diasporunun nümayəndələri iştirak ediblər.
Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan səfir Z.Əhmədov müasir Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı, Ermənistan silahlı birləşmələrinin törətdiyi kütləvi qırğına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü fəaliyyət barədə ətraflı danışıb.

Daha sonra Komitə sədri Fuad Muradov çıxış edib. Çıxışında indiyədək Xocalı soyqrımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində DİDK-nın və diaspor təşkilatlarının gerçəkləşdirdiyi layihələrə və gördüyü işlərə diqqəti cəlb edən Komitə sədri bildirib ki, bu il DİDK-nın dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımına həsr olunmuş 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulub.
Sonra DİDK-nın 2021-ci il üzrə fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə videohesabat təqdim edilib.

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının İsveç üzrə əlaqələndiricisi İradə Əliyeva-Söderberg Azərbaycan icmasının mütəşəkkil fəaliyyətinə nail olunması istiqamətində əldə olunan uğurları sadalayıb. O, pandemiya məhdudiyyətlərinin istənilə sahəyə, o cümlədən diaspor sahəsinə mənfi təsirindən söz açıb, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası məsələsində irəliləyişlərin olduğunu nəzərə çatdırıb.
Tədbir sualların cavablandırılması ilə yekunlaşıb.

Onun da bildirək ki, İsveçə səfəri çərçivəsində Fuad Muradov Stokholmda Qarabağla bağlı fotosərgini də ziyarət edib. Bununla bağlı məlumatda bildirilir ki, Stokholm şəhərində məşhur isveçli fotoqraf Mikael Silkebergin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş fotosərgisinin açılış mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın İsveçdəki səfirliyinin iştirakı ilə mərasim şəhərin Stadsholmen adasında yerləşən məşhur Qamla-Standakı qalereyaların birində baş tutub.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov, Türkiyənin və Pakistanın bu ölkədəki səfirləri, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Sərgidə fotoqrafın ötən il DİDK-nın dəstəyi ilə Ağdam, Füzuli və Şuşaya səfəri zamanı erməni işğalından azad olunmuş ərazilərimizdən çəkdiyi 30 foto əsəri təqdim olunub. Bu əsərlərdə işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi vandalizm aktları öz əksini tapıb.

Tədbirdə çıxış edən Komitə sədri və səfirlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin məhz azərbaycanlı olduqlarına görə Xocalıda dinc sakinlərə qarşı törətdiyi dəhşətli soyqırımını bəşəri cinayət və beynəlxalq hüquq normalarının kobudcasına tapdalanması kimi qiymətləndiriblər.

Beynəlxalq səviyyədə Xocalı soyqırımına hüquqi və siyasi qiymət verilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi məqsədyönlü fəaliyyət, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası, ildən-ilə genişlənən bu kampaniya çərçivsində diaspor təşkilatlarının gördüyü işlər, Azərbaycan və türk icmalarının birgə
fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Sərginin nümayişi iki həftə davam edəcək.

Mission News Theme by Compete Themes.