Press "Enter" to skip to content

Xəstə “velikorus” təfəkkürü bütün Ukrayna xalqını tərbiyə edəcəkmiş…

Azər Həsrət

Bayraqdar.info – Biz Rusiyadan, o ölkənin ayrı-ayrı fikir adamlarından əcaib münasibət görməyə alışmışıq. Bir qayda olaraq “velikorus” şovinizmindən əziyyət çəkən bu “fikir xəstələri” özlərindən başqa bütün xalqları aşağı hesab edir, daha üstün olduqlarını sübut etmək üçün hər addımda zora əl atırlar.

Yəni dövlət olaraq daha böyük və daha güclü olmaları onları nəinki daha mədəni etmir, əksinə, daha da vəhşiləşdirir və günün birində utanmadan bir bəhanə uyduraraq, örnək üçün, Ukraynaya hücum edirlər. Özü də 21-ci yüzil insanını təəccübə boğacaq, heyrətləndirəcək bir yöntəmlə!

Ki, bütün millətlər başa düşür, artıq orta yüzillər deyil və bir dövlət başqa dövlətə – onun xalqına qarşı belə vəhşiliyi özünə yaraşdırmamalıdır. Amma göründüyü kimi, Rusiya yaraşdırır!

İndi qarşıma bir yazı çıxıb. RİA Novosti-nin müəlliflərindən olan Timofey Sergeytsev adlı bir “filosof”a aiddir. Adam həqiqətən də bu cür yanaşmanı – düşüncəni görəndə soruşmağa məcbur olur ki, “ay filankəs, xəbərin yoxmu, bayırda 21-ci yüzildir axı?”

Amma nə edəsən? Bunların beyni belə işləyir.

“Rusiya Ukrayna ilə nə etməlidir” başlıqlı olduqca uzun və sıxıcı yazısında bu “filosof”, görün nələr təklif edir.

“Əlinə silah almış nasistlər mümkün qədər döyüş meydanında məhv edilməlidir” deyir bu adam. Sonra da əlavə edir ki, Ukrayna Silahlı Qüvvələri və “nasist batalyonları”, həmçinin onlara qoşulmuş ərazi özünümüdafiə qrupları arasında fərq qoyulmamalıdır.

Yəni belə anlaşılır ki, Rusiyanın bu ideoloqu Ukraynanı – öz vətənini əlində silahla qoruyan hər kəsi “nasist” elan edərək məhvinə hökm verir. Xəstə beyin məhsulu deyil də, bəs nədir?

Niyə heç vaxt nasizmlə, ən adi siyasətlə belə əlaqəsi olmayan, lakin Rusiyanın işğalına dirəniş göstərməyə məcbur qalan sadə ukraynalı məhv edilməlidir? Nədir, adamlar sizin işğalçı başkəsənlərinizi öz evlərində gül-çiçəklə qarşılamalıydı?

Hələ bu adam daha sonra iddia edir ki, “onların hamısı rus xalqına qarşı soyqırımda günahkardır və savaş qanunlarına-adətlərinə əməl etmirlər”. Həyasızlığın daha bir qırmızı örnəyi!

Sən gəl adamların evinə soxul, onlar özlərini müdafiə etsin, sonra dur onları “ruslara qarşı soyqırım”da ittiham elə! Əsl erməni məntiqidir ki, biz Azərbaycan əhli olaraq bunu öz üzərimizdə illərdir hiss eləmişik və eləməyə də davam edirik!

Hələ bu harasıdır? Adam deyir ki, ukraynalıları ucdantutma axtalamaq lazımdır! Çünki onlar yuxarıdakılarla bir yerdə nasizmə dəstək verirlərmiş! Açıq ifadəylə də yazır ki, xalq kütləsinin böyük bir hissəsi nasizmə dəstək verir!

Sonrakı cümlələr isə həyasızlığın tavanıdır! Müəllif iddia edir ki, Rusiya mülki şəxslərə münasibətdə “səliqəli müharibə aparır”.

Doğrudanmı?

Bəs onda tam olaraq yer üzündən silinmiş kənd və şəhərləri kim dağıtdı? Yaxud da kütləvi məzarlıqlarda basdırılan dinc sakinləri kim öldürdü?

Bu adam dəvəquşu kimi başını salıb kola, əndamı bayırdadır, dünyanı görmür, elə bilir dünya da bunu görmür! Orta yüsillər təfəkküründə ilişib qalmış bir rus şovinistindən başqa nə gözləmək olar ki?..

Bu göstərməlik daha sonra yazır ki, bütün Ukrayna xalqını yenidən tərbiyə etmək lazımdır. Bunun üçün siyasət, mədəniyyət və təhsil sahəsində ideoloji repressiya və sərt senzura (elə belə də yazıbA.H.) tətbiq edilməlidir. Yəni 1937-ci ili geri gətirməyi təklif edir bu beyinsiz…

Hələ bu harasıdır? Deyir ki, azad edildikdən sonra dövlətin adında “Ukrayna” sözü də daha qala bilməz!

Və bu qəbildən olan sərsəm ideyalar daha sonra da sıralanır. Adam deyir ki, indi Ukrayna adlanan ərazi sonrakı mərhələdə yalnız Rusiyanın əlinin altında və Rusiyaya söykənərək davranmalıdır. Hansısa tərəfsizlikdən də söhbət gedə bilməz. Yeni kadrlar isə Rusiyanın razılığı olmadan heç bir addım ata bilməməlidir!

Bəlli bir mərhələdə müəllif deyir ki, “milliyyətçiliksizləşdirmədən sonra ukraynasızlaşdırma” prosesi də başladılmalıdır. Çünki, onun beyninə görə, “tarixi Malorossiya və Novorossiya” sovetlər tərəfindən süni şəkildə ukraynalaşdırılıbmış…

Nə isə!!! Belə cəfəng və xəstə fikirlərlə zəngin olan yazı elə Rusiya dövlətinin rəsmi mövqeyidir! Bu isə o deməkdir ki, bənzər təhlükə günün birində bütün keçmiş Sovet respublikalarının qapısını döyəcək. Ona görə də təcilli çıxış yolu axtarmaq lazımdır. Gecikmək olmaz! Bir an belə!

Yeri gəlmişkən, bu beyinsizlərə görə, hansısa ölkədə milli dil dövlət dili kimi təsdiqlənirsə, bu, ruslara qarşı ayrıseçkilik imiş. Ona görə də Ukrayna öz dilinə deyil, rus dilinə üstünlük verməliymiş!

İndi bu əcaib yaratıqlara necə izah edək ki, əgər elədirsə, niyə onda Rusiyanın özündə rus dilindən başqa bütün dillər sıxışdırılır? Niyə Rusiya rus olmayan xalqların öz əlifbalarıyla bağlı qərar verməsini yasaqlayıb? Niyə Rusiya tərkibindəki suveren dövlətlər – respublikaların rəhbərlərinin vəzifəsi prezident adlana bilməz?

Belə suallar istənilən qədərdir!

Rusiyanın etdiklərini başqa dövlətlər etmir. Hər bir ölkədə, o cümlədən Ukraynada rus dilinə də, başqa dillərə də geniş meydan verilir. Rusların öz dilləri ilə bağlı hər hansı qərarına dövlət qarışmır. Amma, sən demə, “Ukrayna ruslara qarşı soyqırım siyasəti yürüdür”müş…

Ay sizi, həyasızlar!!!

Mission News Theme by Compete Themes.