Press "Enter" to skip to content

Azərbaycan və Yaponiya arasında əməkdaşlıq uğurla inkişaf edib

Bayraqdar.info – Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramov Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məlumata əsasən, nazir C.Bayramov Yaponiya nümayəndə heyətini salamlayaraq, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu vurğulayıb. Nazir həmçinin Azərbaycanın Yaponiya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib.

Öz növbəsində, Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunması münasibətilə təbriklərini çatdırıb. O, bu müddət ərzində Azərbaycan və Yaponiya arasında bir çox sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirib.

Nazir müavini H.Taro enerji təhlükəsizliyi baxımından mühüm rol oynayan Azərbaycanın regionda Yaponiyanın mühüm tərəfdaşı olduğunu ifadə edib.

Qeyd edilib ki, tərəflər, həmçinin Azərbaycan ilə Yaponiya arasında energetika, alternativ enerji, iqtisadiyyat, humanitar, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıblar.

“Ceyhun Bayramov qarşı tərəfə, Azərbaycanın azad olunmuş ərazilərindəki vəziyyət, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi, azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan geniş miqyaslı bərpa və quruculuq işləri, minaların təmizlənməsi, ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verdi. Bu xüsusda nazir, Yaponiya şirkətlərinin quruculuq prosesində iştirakını minnətdarlıqla ifadə etdi.

“İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edən nazir, Azərbaycanın regionda davamlı sülhün və inkişafın bərqərar olması üçün atdığı əməli addımları qeyd etdi.

“Görüşdə tərəflər arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıldı”, – deyə məlumatda daha sonra vurğulanıb.

Mission News Theme by Compete Themes.