Bayraqdar.info – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncədə təhsillə bağlı geniş konfrans keçirilib.
Xəbəri bayraqdar.info-ya mayın 5-də sözügedən Birlikdən veriblər.
Xəbərdə deyilir ki, qeyd olunan konfrans Birliyin icra etdiyi “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı üç aylıq layihənin yekun tədbiri kimi keçirilib.
Birliyin sədri və layihənin rəhbəri Lamiyə İsazadə konfransdakı açılış çıxışına Ulu öndər Heydər Əliyevin təhsil haqqında söylədiyi bir cümlə ilə başlayıb: “Gərək gənclərimiz həyatımızın bütün çətinliklərinə baxmayaraq təhsillənsinlər”.
L.İsazadə daha sonra layihənin donoru və layihə haqqında konfrans iştirakçılarını məlumatlandırıb. O, qeyd edib ki, üç aylıq layihə çərçivəsində Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olan məktəbli qızların təhsil səviyyələrinin, psixoloji vəziyyətlərinin monitorinqi aparılıb. Monitorinqin nəticələrinin müzakirəsi üçün Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının inzibati binasında 300 nəfərdən çox qonağı əhatə edən yekun konfrans, ictimai müzakirə təşkil olunub.
Xəbərdə deyilir ki, konfransda Milli Məclisin deputatı, professor Elman Nəsirov, deputat Müşfiq Cəfərov, Azərbaycan Dövlət Aqrar universitetinin rektoru İbrahim Cəfərov, siyasi şərhçi, bayraqdar.info saytının qurucu baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Tünzalə Vəliyeva, Gəncə şəhər Təhsil İdarəsinin nümayəndələri, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, məktəb və kollec direktorları, müəllimlər, tələbələr və digər ziyalılar iştirak edib.
Çıxışlarda təhsilin insan həyatındakı vacib rolu haqqında fikirlər səsləndirilib.
Konfransdan sonra layihə rəhbəri və Bakı şəhərindən konfransda iştirak üçün Gəncəyə gələn qonaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Qonaqlar konfransın təəssüratlarını şəhər icra başçısı ilə bölüşüb, qızların təhsil almalarının vacibliyi haqqında geniş fikir mübadiləsi aparıblar.
N.Bayramov bu cür layihələrə hər zaman təşkilati dəstək verdiklərini deyib.
O da bildirilir ki, konfransın təşkilinə Prezident Administrasiyası, Gəncə şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı müvafiq şərait yaratmaqla təşkilati dəstək verib.
Qeyd olunduğu kimi, tədbirdə bayraqdar.info-nun qurucu baş redaktoru Azər Həsrət də iştirak edib. O, təhsil məsələləri ilə bağlı geniş çıxışında Gəncənin ziyalı potensialının yüksək olduğuna diqqət çəkib. A.Həsrət bildirib ki, özəlliklə də qız uşaqlarının təhsildən yayındırılması Gəncə üçün xarakterik deyil. Çıxışçı auditoriyaya üz tutaraq burada müsbət auranın olmasına diqqət çəkib. O, belə bir auranın olduğu yerdə təhsilə barmaqarası baxmanın mümkünsüzlüyünü vurğulayıb.









