Bayraqdar.info – Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan vətəndaşı Mahmudov Emin Zabit oğlu və onun həyat yoldaşı, Ukrayna vətəndaşı Mahmudova Lyudmilanın yetkinlik yaşına çatmayan 3 övladı Azərbaycana təxliyə edilib. Təxliyə edilənlər 26.04.2007-ci il təvəllüdlü Mahmudova Renata Eminovna, 04.11.2010-cu il təvəllüdlü Mahmudov David Eminoviç və 10.12.2017-ci il təvəllüdlü Mahmudova Dayana Eminovnadır.
Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan vətəndaşı olan uşaqlar valideynləri həlak olduqdan sonra tanışları tərəfindən Rusiya Federasiyası ərazisinə keçirilib: “Uşaqların ölkəmizə repatriasiya edilməsi üçün Azərbaycanın dövlət qurumları tərəfindən əlaqələndirilmiş qaydada bir sıra zəruri tədbirlər, o cümlədən uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və qəyyumun təyin edilməsi həyata keçirilib. Daha sonra məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən lazımi hüquqi yardım göstərilib, uşaqların ölkəmizə gəlmələri üçün onların qayıdış şəhadətnamələri rəsmiləşdirilib və gətirilmələri üçün addımlar atılıb”.
Qeyd edilib ki, Azərbaycan Respublikasının hökumətinin dəstəyi ilə uşaqlara lazımi hüquqi, tibbi, sosial və psixoloji yardım göstəriləcək və qəyyum ailəyə verildikdən sonra sosial-reabilitasiya işi davam etdiriləcək.





