Press "Enter" to skip to content

Vüqar Bayramov: Azərbaycan mövqeyini daha da möhkəmləndirib

Vüqar Bayramov

Son yeniləmə: 3 İyun 2022 18:52

Bayraqdar.info – “Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsi, həmin sərgidə 30-dan çox ölkədən 249 şirkətin iştirak etməsi bir daha təsdiq edir ki, Azərbaycan enerji və bütövlükdə regional məsələlərdə öz mövqeyini daha da möhkəmləndirib. Xüsusuən nəzərə alsaq ki, sözügedən sərgi 1994-cü ildən etibarən təşkil olunur. O zaman Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu enerji siyasətinə uyğun olaraq həm də belə sərgilər vasitəsilə Azərbaycanın və regionun potensialı reallaşır”.

Milli Məclisin deputatı Vüqar Bayramov bunu 27-ci sözügedən Sərgisinin keçirilməsinin əhəmiyyəti barədə bayraqdar.info-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2022-ci il sərgisi əvvəlkilərdən fərqlənir: “Belə ki, bu dəfə coğrafi və say baxımından sərgidə iştirak edən şirkətlərin, o cümlədən aparıcı şirkətlərin sayı kifayət qədər çoxdur. Digər tərəfdən isə artıq bu sərgidə yeni çağırışlara uyğun olaraq alternativ və bərpa olunan enerji ilə bağlı da texnologiyanın, innovasiyanın təqdimatı və nümayişi həyata keçirilir”.

Deputat deyib ki, Azərbaycan bütövlükdə regionun enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkələrdəndir: “2021-ci ildə Azərbaycan mavi qaz hasilatını 2018-ci illə müqayisədə 2 dəfə artıraraq ümumilikdə 43,9 milyard kubmetr mavi qaz hasil edib. Bu qazın 19 milyard kubmetri ixrac olunub. Avropaya təxminən 9 milyard kubmetrə yaxın mavi qaz nəql edilib. Bu il Avropaya nəql edilən mavi qazın həcmi 10 milyard kubmetrdən artıq olacaq. Bütün bunlar ondan xəbər veir ki, Azərbaycan Avropa İttifaqı daxil olmaqla bütövlükdə regionun enerji təhlükəsizliyinə töhfə verən ölkədir. Bu kontekstdən də təbii ki, Azərbaycanın regional geosiyasi mövqeyini gücləndirməsi həm də regional təhlükəsizliyə təsir imkanlarının artmasına da gətirib çıxarır. Bu da Azərbaycanın artan nüfuzunun əsas göstəricilərindən biridir”.

“Bu baxımdan sərgi bir daha təsdiq edir ki, Azərbaycan həm region iqtisadiyyatında, həm regional məsələlərdə aparıcı mövqeyə malik olan ölkədir. Cənub Qaz Dəhlizinin reallaşmasında Azərbaycanın rolu, xüsusən də Prezident İlham Əliyevin siyasi iradəsi bir daha təsdiq edir ki, Azərbaycan regional tərəfdaşlığa, regional təhlükəsizliyə önəm və töhfə verən ölkədir. ABŞ Prezidentinin son məktubunda da bu xüsusilə vurğulanıb. Növbəti illərdə də Azərbaycan regionda enerji təhlükəsizliyinin formalaşmasındakı mövqeyini qoruyub saxlayacaq və daha da artıracaq”, – deyə millət vəkili əlavə edib.

Mission News Theme by Compete Themes.