Press "Enter" to skip to content

UNESCO-nun müəmmalı susqunluğu

Vüqar İskəndərov

Son yeniləmə: 6 İyun 2022 15:02

Vüqar İskəndərov: Ümid edək ki, Dövlət Departamentinin hesabatı UNESCO-nu da hərəkətə gətirəcək

Bayraqdar.info – “Bu bir həqiqətdir ki, mədəni irs nümunələrini ayrı-ayrı xalqlar yaradır. Lakin həmin sərvətlər konkret xalqlara mənsub olmaqla qalmır, bəşəriləşir. Deməli bu sərvətlərə qarşı edilən hər hansı cinayət bəşəri cinayət hesab olunur. Yəni hər hansı bir xalqın varlığını təsdiqləyən maddi və mənəvi mədəniyyət abidələrinin düşünülmüş şəkildə məhv edilməsi, mənimsənilməsi mədəni soyqırımı adlandırılır. Bu məsələdə də bədnam qonşularımız xüsusi olaraq “fərqlənir”lər. Bunun üçün işğal dövrünə dair faktlara nəzər yetirmək kifayətdir”.

Bunu bayraqdar.info-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Hesabatda erməni vəhşiliklərindən də bəhs edilib

ABŞ Dövlət Departamentinin dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı 2021-ci il üçün illik hesabatında Ermənistanın bu cinayətlərindən də bəhs edildiyini deyən deputatın sözlərinə görə, Ermənistan təkcə insanlara deyil, mədəni irs nümunələrinə qarşı da olmazın vəhşiliklər törədib: “Ötən ay Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən “Postmünaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransdakı çıxışımda da bəyan etdiyim kimi, çoxsaylı faktlar Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın arxeoloji irsinin məqsədyönlü və planlı şəkildə məhv edilməsi siyasəti yeritdiyini sübut edir. Ümumiyyətlə, Azərbaycan xalqının arxeoloji irsinə qarşı mədəni soyqırımı siyasəti müxtəlif istiqamətlərdə həyata keçirilib. İlk növbədə müxtəlif saxtalaşdırmalarla Azərbaycanın arxeoloji irsinə yiyələnmək, özününküləşdirmək istiqamətində səylər göstərilib”.

V.İskəndərov deyib ki, həmin faktlara əsasən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycana məxsus bir çox memarlıq, incəsənət abidələri, tarixi, arxeoloji abidələr, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talan və dağıntılara məruz qalıb: “Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycana məxsus 2 min 645 tarix və mədəniyyət abidəsi, eləcə də 1 min 814 memarlıq abidəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidələri, 23 muzey, 102 min 757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri, şəxsi kolleksiyalarda saxlanan 50 mindən çox tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.), mədəni irs nümunələri dağıdılıb, məhv edilib və ya mənimsənilib. Lakin bu da son deyil. Belə ki, Ermənistan işğal altında saxladığı ərazilərdə 63 məscidi tamamilə dağıdıb, 4 məscidi isə sökərək tanınmaz hala salıb. Tarixi əhəmiyyətli 71 türbə, 150 qəbiristanlıq tamamilə, 250 qəbiristanlıq isə qismən dağıdılıb. 50 daşınmaz tarixi və mədəniyyət abidəsi qeyri-qanuni təmir edilərək formaları dəyişdirilib, divar yazıları silinib. 200-dən çox arxeoloji abidələr üzərində ABŞ, Rusiya, İngiltərə, Fransa, İspaniya və digər xarici ölkələrin vətəndaşlarının iştirakı ilə qeyri-qanuni arxeoloji qazıntı işləri aparılıb”.

Arxeoloji abidələr də erməni vandalizminin qurbanı olub

V.İskəndərov deyib ki, həmin çıxışında o ermənilərin işğal zamanı Azərbaycan ərazilərindəki arxeoloji abidələrə qarşı da misilsiz vəhşiliklər törətdiyini vurğulayıb: “Həmin ərazilərdəki arxeoloji abidələr ermənilər tərəfindən xüsusi qəddarlıqla istismara məruz qaldığından onların böyük əksəriyyəti tamamilə məhv edilərək artıq coğrafi xəritədən silinib. Buna misal olaraq Xocalı rayonundakı Xocalı, Əsgəran, Xankəndi kurqanları, Ağdam rayonunun Kültəpə kurqanları, keçmiş Hadrut rayonu, eləcə də Şuşa rayonu ərazilərindəki Qarqarçay hövzəsində onlarla kurqan tamamilə dağıdılıb. Bu qanunsuz arxeoloji qazıntılar zamanı ermənilərin məqsədi yer altındakı qiymətli maddi mədəniyyət nümunələrini əldə edərək Ermənistana daşımaq olub. Araşdırmalar nəticəsində bəlli olub ki, belə qazıntılar zamanı kurqanlardan tapılan bir çox məişət əşyaları, qızıl bəzəklər, sikkələr və ov alətləri Azərbaycan ərazilərindən çıxarılaraq Ermənistana daşınıb. Ermənilər tərəfindən Azərbaycandan çıxarılaraq daşınan tarix və mədəniyyət abidələrinin ümumilikdə dəyəri yüz milyardlarla manat vəsaitlə ölçülür. Dağıdılan arxeoloji abidələrin sayı isə hələlik tam dəqiqləşdirilməyib”.

Biz hələ də ikili standartların şahidiyik

Deputat qeyd edib ki, dünyada proseslərə ikili standartlardan yanaşan bəzi qurumlar və ölkələr bu məsələdə də eyni yanaşma sərgiləyirlər: “Bu sırada UNESCO-nun adını xüsusi olaraq çəkmək istəyirəm. Həmin çıxışımda da bəyan etdiyim kimi, biz hələ də bir çox dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycanın narazı qaldığı işğal faktına və ərazimizdə ermənilər tərəfindən törədilən vandallığa göz yummalarının, yaxud da ikili münasibətlərin şahidiyik. Konkret olaraq UNESCO haqqında qeydlərimi bildirmək istərdim. Biz hələ də UNESCO-nun bu məsələlərdə mövqeyini və missiyasını gözləyirik. Biz UNESCO-nu axtarırıq, amma hələ də tapmamışıq. Çox təəssüf edirik ki, bu məsələlərə ilk reaksiya verməli olan, bütün araşdırmaları etməli olan bu təşkilat hələ də müəmmalı şəkildə susqunluq nümayiş etdirir. Ümid edək ki, ABŞ Dövlət Departameninin hesabatı UNESCO-nu da hərəkətə gətirəcək”.

Mission News Theme by Compete Themes.