Press "Enter" to skip to content

9 minə yaxın abituriyent qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 11 İyun 2022 10:16

Bayraqdar.info – I, II, III və IV ixtisas qrupları üzrə yay qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iyunun 11-i saat 09.35-ə olan məlumata görə, test (2-ci cəhd) imtahanı vermək üçün 8 min 768 abituriyent qeydiyyatdan keçib. (Azərbaycan bölməsi üzrə 7 min 635, rus bölməsi üzrə 1 min 133 nəfər).

Qeyd edilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdində martın 4-17-də və ya aprelin 6-25-də I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təqdim etmiş abituriyentlər iştirak edə bilərlər: “II və III ixtisas qrupu üzrə imtahanda iştirak etmək istəyənlər iyunun 20-si saat 23:59-dək, I və IV ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə iyulun 4-ü saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link vasitəsilə imtahana yazıla bilərlər”.

Məlumat üşün bildirək ki, aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir:

-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

-Şəhid ailəsinin üzvləri;

-Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

-Məcburi köçkün statusu olan şəxslər;

-I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Məlumata görə, imtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər: “Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir. İyunun 12-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanına yazılan şəxslərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər Azərbaycan dili imtahanından qeyri-məqbul qiymət aldıqları təqdirdə yay imtahanına buraxılmayacaq. Xatırladaq ki, yay qəbul imtahanları III ixtisas qrupu üzrə iyulun 6-sı, II ixtisas qrupu üzrə iyulun 7-si, I və IV ixtisas qrupları üzrə isə iyulun 20-21-də keçiriləcək”.

Mission News Theme by Compete Themes.